İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi – Hərbi ekspert

Baş səhifə

Bakı.Trend:

İran müharibə səbəbindən panikadadır. Bu da İran rejiminin
yanlış addımlar atmasına səbəb olur. Prezident İlham Əliyevin
İranın Azərbaycandakı səfirliyində olması, ən yüksək səviyyədə
problemlərini dinləməsi bu halın baş verməsinə qarşı olmalıydı.
İranda bəzi qüvvələr Azərbaycanla münasibətləri korlamağa
meyillidir.

Hadisəylə ilə bağlı Trend-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli
bildirib ki, İranın bu addımı dünən Türkiyəyə atılan ballistik
raketin təsadüfi olmadığını sübut etdi.

Ekspert vurğulayıb ki, İran rəhbərliyi bir sıra məsələlərdə
yanlışlığa yol verib:

“İran müttəfiq dövlətlərlə münasibətləri korlamağa davam edir.
İran tərəfindən Naxçıvan ərazisinə atılan dronlarla bağlı molla
rejiminin istənilən izahatı qəbul olunmazdır. İran bu addımı ilə
sonuncu dayaqlarını da itirdi”.

Hərbi ekspert Yaşar Aydəmirov isə İranın bu addımını çox böyük
səhv adlandırıb:




“İran rejimi Naxçıvana dron hücumu etdi. Hücumun səhvən yaxud
qəsdli edildiyini Azərbaycana açıqlamalıdır. İranın molla rejiminin
bu yanlış qərarları qonşu dövlətləri qıcıqlandırır”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.