Mikayıl Cabbarov: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

Baş səhifə

Rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt və data əsaslı qərarvermə mexanizmlərinin tətbiqi üçün xüsusi proqram hazırlanıb.

APA-Economics” xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qlobal tərəfdaşlarla imzalanmış strateji sənədlər Azərbaycanın geoiqtisadi rolunu daha da gücləndirir və investisiya, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və yüksək texnologiyalar sahələrində yeni imkanlar yaradır.

Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. 2021–2025-ci illərdə bu sektorda real artım orta illik 5,9% təşkil edib.

M.Cabbarov qeyd edib ki, özəl sektor iqtisadiyyatın inkişafında mühüm rol oynayır və dövlət tərəfindən bu sahəyə dəstək davam etdirilir. Belə ki, ötən il qeyri-neft-qaz özəl sektorundan daxilolmalar qeyri-neft-qaz sektoru üzrə ümumi vergi daxilolmalarının 76%-ni təşkil edib.

Nazir əlavə edib ki, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3%-dən 2025-ci ildə 71,5%-ə yüksəlib, qeyri-neft ixracı isə həmin dövrdə 2,1 dəfə artıb.