
İranla münaqişənin enerji bazarlarına təsiri müvəqqətidir və ABŞ hərbi məqsədləri üçün ucuz qiymət ödəyəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt “Fox News”a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, hazırda qlobal bazar neftlə son dərəcə yaxşı təmin olunub, dünyada “Qara qızıl” bolluğu var və Amerika istehsalı rekord səviyyədədir: “Beləliklə, ABŞ bunun öhdəsindən gələcək, bu, sadəcə yolda kiçik bir maneə olacaq”.
Rayt vurğulayıb ki, Hörmüz boğazının bağlanması müvəqqətidir və ABŞ Hərbi Dəniz Qüvvələri tezliklə neft tankerlərini su yolu ilə müşayiət etməyə başlayacaq. Bu yol adətən dünyanın gündəlik neft istehlakının təxminən beşdə birini təşkil edir.
“Bunu mümkün qədər tez edəcəyik. Hazırda dəniz qüvvələrimiz və əlbəttə ki, hərbi qüvvələrimiz digər vəzifələrə – İran hökumətini tərksilah etməyə yönəlib”, – deyə Rayt kommersiya gəmilərinin ABŞ Hərbi Dəniz Qüvvələrindən kömək istəyib-istəmədiyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


