
Bakı. Trend:
3 mart 2026-cı il tarixində ABŞ Dövlət Departamenti
təhlükəsizlik riskləri səbəbindən ABŞ hökumətinin zəruri
əhəmiyyətli vəzifələrdə olmayan əməkdaşlarına (səfirlik/konsulluq
əməkdaşları və s.) və onların ailə üzvlərinə Səudiyyə Ərəbistanını
tərk etmələrinə icazə verib.
Trend xəbər verir
ki, bu barədə sənəd ABŞ Dövlət Departamentinin rəsmi internet
səhifəsində dərc olunub.
Sənədə əsasən, 28 fevral tarixində ABŞ ilə İran arasında hərbi
əməliyyatların başlamasından sonra İrandan pilotsuz uçuş aparatları
və raket hücumları təhlükəsi davam edir, həmçinin kommersiya
aviareyslərində ciddi pozuntular müşahidə olunur. Təhlükəsizlik
risklərinə görə ABŞ hökumətinin Səudiyyə Ərəbistanındakı ABŞ
vətəndaşlarına təcili xidmətlər göstərmək imkanları məhduddur.
Həmçinin qeyd olunur ki, Səudiyyə Ərəbistanında terror
zorakılığı və terror hücumları riski mövcuddur:
“Terror təhlükəsi ölkədə aktual olaraq qalır. Hücumlar xüsusilə
bayram günləri zamanı əvvəlcədən xəbərdarlıq olmadan baş verə
bilər. Hücumlarda bıçaqlar, odlu silahlar və nəqliyyat vasitələri
istifadə oluna bilər”
Eyni zamanda Yəməndən Husi qiyamçılarının raket hücumları
riskinin mövcud olduğu bildirilir.
ABŞ hökuməti eyni zamanda Kiprdə olan ABŞ diplomatik
missiyasının zəruri vəzifələr tutmayan əməkdaşlarının və onların
ailələrinin ölkədən çıxmasına icazə verən müvafiq müraciət dərc
edib.


