Hörmüz boğazı bağlanmaq təhlükəsi qarşısında: Dünya bazarında xam neftin qiyməti artır

Baş səhifə

Bakı. Trend:

28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları və İranın
həmin gün ABŞ-ın körfəz ölkələrindəki hərbi bazalarına və İsrailə
cavab zərbələri başlaması ilə dünya bazarında neftin qiyməti
sürətlə artmağa başlayıb. Belə ki, xam neftin bir barelinin
qiymətində orta hesabla 10%-lik artım qeydə alınıb və hazırda
qiymət 80 dollar civarındadır.

Xam neftin dünya bazarında qiymətinin artmasının əsas
səbəblərindən biri, dünyanın enerjisinin təxminən 20%-ni təmin edən
körfəz ölkələrindən xam neft və karbohidrogenlərin daşınmasında
yaranan risklərdir. Körfəz ölkələrindən dünya bazarlarına çıxış
nöqtəsi isə hər zaman diqqət mərkəzində olan Hörmüz boğazıdır.
Təxminən 39 kilometr enində olan bu boğazın şimalında İran,
cənubunda isə BƏƏ və Oman yerləşir. İran tərəfi hazırda boğazda
təhlükəsizlik tədbirlərini gücləndirib və bəzi tankerlərin keçidinə
müxtəlif arqumentlərlə məhdudiyyətlər tətbiq edir.

2 martda İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Bakıda
keçirdiyi mətbuat konfransında boğazın İran tərəfindən
bağlanmadığını bəyan edib və bu marşrutdan keçməyə cəhd edən bir
sıra tankerlərlə bağlı ekoloji problemlərə görə tədbirlər
görüldüyünü bildirib. O, hadisələrin bu fonda davam edəcəyi
təqdirdə İranın fərqli addımlar ata biləcəyini də diqqətə
çatdırıb.

Digər tərəfdən, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanının müşaviri, general İbrahim Cabbari daha
sərt açıqlama ilə çıxış edib. O bildirib ki, İranın təhlükəsizliyi
təhdid olunarsa, boğazdan neft daşınmasına imkan verilməyə bilər və
bu halda neftin qiyməti 80 dollardan 200 ABŞ dollarına qədər
yüksələ bilər.




Sözügedən açıqlamalar fonunda İranın Hörmüz boğazında keçidlər
üzərində ciddi nəzarət imkanlarına malik olduğu və gərginliyin
artması ilə daha sərt qərarların gündəmə gələ biləcəyi ehtimal
olunur.

Hörmüz boğazından əsas neft təminatçıları – Səudiyyə Ərəbistanı,
BƏƏ, Küveyt, İraq və İran – xam neft ixrac edir. Boğazın bağlanması
halında körfəzdə hasil olunan neftin dünya bazarlarına çıxışı ciddi
şəkildə məhdudlaşa bilər. Hörmüz boğazı vasitəsilə ixrac olunan xam
neftin böyük hissəsi Asiya bazarlarına yönəlir. Çin, Yaponiya,
Hindistan və Cənubi Koreya kimi ölkələr neft tələbatlarının böyük
hissəsini məhz bu regiondan təmin edir.

Eyni zamanda Hörmüz boğazı yalnız xam neft üçün deyil, həm də
LNG daşımaları üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə Qətərin
istehsal etdiyi mayeləşdirilmiş təbii qazın böyük hissəsi bu
marşrut vasitəsilə Asiya bazarlarına ixrac olunur. Boğazın tam və
ya qismən bağlanması enerji bazarlarında kəskin təlatümə, əsas
istehsalçı ölkələrdə enerji çatışmazlığına və qlobal tədarük
zəncirində ciddi pozuntulara səbəb ola bilər.

Son üç gün ərzində Hörmüz boğazında yaranan məhdudiyyətlər dünya
bazarında xam neftin qiymətinə ciddi təsir göstərib. Bu, onu deməyə
əsas verir ki, proses davam edərsə, təklifin azalması fonunda
qiymətlərdə əlavə artım müşahidə oluna bilər. Bu isə qlobal
inflyasiya təzyiqlərini gücləndirə və xüsusilə enerji idxalından
asılı olan ölkələrin iqtisadiyyatına əlavə yük yarada bilər.