
Bakı. Trend:
2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat
dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların
təqdimatında əhəmiyyətli rol oynayır. Martın 3-də Bakı Konqres
Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
nazirlərin 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı
dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu
və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər,
nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak
etdilər. Hər il iştirakçıların say tərkibində artım Azərbaycanın
beynəlxalq münasibətlər sistemində artan rolunun, dünyanın enerji
təhlükəsizliyinin təminatına verdiyi töhfələrin təqdimatıdır. Ötən
il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci
və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü
iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7
beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılmışdı.
Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə
diqqətdədir. Ötən ilin iyununda keçirilən Bakı Enerji Həftəsində və
aprel ayında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının
iclaslarında qaz ixracının artırılması və yaşıl enerji
layihələrinin genişləndirilməsi istiqamətində mühüm mesajlar
səsləndirildi və razılaşmalar əldə edildi. Bu gün böyük əminliklə
qeyd edirik ki, Azərbaycan neft, qaz ilə yanaşı, həm də elektrik
enerjisi ixracatçısıdır. 2024-cü ildə Azərbaycanın ev sahbiliyi
etdiyi COP29 iqlim konfransı ölkəmizin bərpaolunan enerji sahəsində
malik olduğu potensialı bir daha nümayiş etdirdi.
Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə
investisiyaların yatırılmasıdır. COP29 tədbiri çərçivəsində,
həmçinin ondan sonrakı dövrdə bu sahədə əməkdaşlığa verilən önəmin
imzalanan sənədlərdə özünün aydın ifadəsini tapdığını görərik.
Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 4-cü islaslarında bu məqamı xüsusi qeyd
etdi ki, artıq bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində
müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Biz
hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç
birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Burada
Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin,
eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil,
praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Qazıntı
yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də
Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, –
ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi
halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə
yatırması, iş məhz belə aparılmalıdır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın bu sahədə
qazandığı möhtəşəm uğurları təsəvvürə gətirmək üçün ölkəmizin
iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol
oynayan “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bugünədək
Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına
diqqət yetirmək kifayətdir. “Əsrin müqaviləsi”nin imzalanmasından
sonra Azəraycanın beynəlxalq aktorlarla əməkdaşlığının coğrafiyası
genişləndi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft
və Bakı-Tbilisi-Ərzurum qaz layihlələrinin uğurlu icrası ilə
regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan 2014-cü
ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin
təməlinin qoyulması ilə etibarlı tərəfdaş kimi mövqeyinin
möhkəmləndiyini bir daha nümayiş etdirdi. 2018-ci ilin may ayında
Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyununda bu
layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin
dekabrında isə TAP istifadəyə verildi. 2017-ci ildə “Yeni əsrin
müqaviləsi”nin imzalanması Azərbaycanın enerji sektorunun aydın
gələcəyinin təqdimatı oldu.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il ənənəvi olaraq
keçirilən iclasları ölkəmizin bu sahədə qazandığı uğurlara baxış
əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində
öz sözünü deyir. Dünyanın enerji gündəliyinin mütəmadi olaraq
Azərbaycanda müzakirə edilməsi ölkəmizin malik olduğu təcrübənin,
qazandığı uğurların göstəricisidir. Avropa İttifaqı Azərbaycanı
etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Avropa enerji
bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, bu yaxınlarda
Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik.
Gücü 870 meqavatdır. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik
stansiyasının inşasına dair müqavilə imzalandı. Enerji
təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz
Dəhlizi ilə məhdudlaşmır. Həmçinin mühüm nailiyyətlər, amillər
arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2
neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin
Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq
neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey
dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu
da öz növbəsində neft məhsullarının davamlı təchizatını təmin
etməyə kömək edəcək.
Vüqar Rəhimzadə bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 4-cü iclaslarında «Hər zaman olduğu kimi,
biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş
işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji
təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın
gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı
planlaşdırırıq» söyləyən dövlət başçısı İlham Əliyev onu da
vurğuladı ki, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən
artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə
başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji
təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll
etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə
anlayırıq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Hesabat dövründə Azərbaycanın enerji sektorundakı mühüm
hadisələrdən biri 2025-ci il iyununda rəsmi açılış mərasimi
keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən
və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik
dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi
kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji
əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili
enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının
artırılmasında mühüm rol oynayacaq. Bərpaolunan enerji layihələri
ilə yanaşı, müasir və səmərəli stansiyaların açılışı enerji
təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının
genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda
iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Azərbaycanın yaşıl
enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks
yanaşmalar sayəsində gələcəkdə də regionun və Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynamağa davam edəcək. Bu gün
Azərbaycanın enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də
qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji
model kimi nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu ilin
yanvarında “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının
“ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış
mərasimində çıxışında hesabat dövrünün enerji uğurları sırasında bu
hadisəni qeyd edərək bildirdi ki, bu, artıq malik olduğumuz
potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə
“Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa
edib: “Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək
illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik
stansiyalarının açılışını gözləyirik. Bizdə xarici sərmayədarlardan
və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli
şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə
SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə
investisiya yatırmağa başlayıb. Çünki burada böyük potensial və
bazarda tələbat var.”
Millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının
iclasları enerji təhlükəsizliyi sahəsində yeni yanaşmaların
formalaşdırılmasında, səylərin əlaqələndirilməsində mühüm rol
oynayır. Komandanın tərkibi genişlənir. Əsas məqsəd əməkdaşlığın
gücləndirilməsidir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi
layihələrinin heç biri mümkün olmazdı. Cənub Qaz Dəhlizi Avropaya
qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu gün Cənub Qaz
Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji
təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan
hər zaman yeni əməkdaşlıq formatlarının yaradılmasının təşəbbüskarı
olmaqla yanaşı, hazırda icra edilən, yaxud icrasını başa çatdıran
layihələrin coğrafiyasının genişləndirilməsinin də vacibliyini
bildirir. Təcrübə mübadiləsinin aparılması, səylərin
birləşdirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Ümummilli
Lider Heydər Əliyev hələ “Əsrin müqaviləsi”nin imzalanmasından öncə
dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirmişdi ki, heç
bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər
və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail
ola bilməz. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi
Nazirlər Şurasının iclaslarında bildirdi ki, istehsalçı Azərbaycan,
tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət
dinamika müşahidə olunur. Məhz bu birlik, birgə maraqlar və
qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu
yolumuzun əsas amilidir.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan hər dövrün
çağırışlarını yüksək səviyyədə cavablandırır. Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının ötənilki iclasında əsas çağırışlardan biri qaz
ixracının coğrafiyasının genişləndirilməsi olmuşdu. Dövlətimizin
başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı xüsusi qeyd
etdi. Vurğuladı ki, sonuncu dəfə bu auditoriya qarşısında çıxış
edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik: “Hazırda
isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya
çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz
tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı
planlarımızı da qeyd etmişdim. Bu planlar artıq reallaşdırılıb.
Digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından
kənardakı istiqamətlərə çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya
qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan
kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək
məqsədi daşıyır.” Planlara gəldikdə Prezident İlham Əliyev
vuruğaladı ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu
genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə –
Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə,
hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır.
Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə
əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur.
Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi,
mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində
düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş
vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti
nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə
genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz
ixracı maksimum səviyyəyə çatdırmaqdır. Prezident İlham Əliyevin
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü
iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil
siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edərkən də söhbət zamanı Azərbaycanın, xüsusən
hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə
diqqət yönəldildi, enerji sahəsində ölkəmizin Avropa bazarında
ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji
ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə
olundu. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanla Avropa
təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü
tərəfdaşlıq mövcuddur.


