
Bakı. Trend:
Qazaxıstan enerji sektorunda Azərbaycanla strateji tərəfdaşlığı
yüksək qiymətləndirir və onun gələcək inkişafı üçün əhəmiyyətli
potensial görür.
Trend xəbər verir
ki, bunu Qazaxıstanın Energetika nazirinin müavini Sancar Jarkeșov
bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası
nazirlərin 12-ci iclasında və “Yaşıl” enerji üzrə Məşvərət
Şurasının nazirlərin 4-cü iclasında bildirib.
“Qazaxıstan enerji sektorunda Azərbaycanla strateji tərəfdaşlığı
yüksək qiymətləndirir və bu əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə
yüksəldilməsi üçün böyük potensial görür”,- deyə o qeyd edib.
Jarkeşovun sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistan
arasında “yaşıl” enerjinin istehsalı və ötürülməsi üzrə
genişmiqyaslı layihənin həyata keçirilməsi ilə bağlı əldə olunmuş
razılaşmalar xüsusi önəm kəsb edir.
O vurğulayıb ki, dövlət başçıları tərəfindən imzalanmış saziş
milli enerji sistemlərinin dayanıqlılığının möhkəmləndirilməsinə
töhfə verir və “yaşıl” investisiyaların cəlb olunması hesabına
emissiyaların azaldılması üzrə ölkələrin ekoloji məqsədlərini
birbaşa dəstəkləyir.
“Birgə səylər və yeni marşrutların yaradılması ilə biz regionun
enerji müstəqilliyi və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün
əsas yaradırıq”, – deyə nazir müavini əlavə edib.


