Shah Deniz Compression layihəsi çərçivəsində aparılan tikinti işlərinin gedişatı barədə məlumat verilib

Baş səhifə

Bakı. Trend:

bp şirkəti “Shah Deniz Compression” (Şahdəniz Kompressiya)
layihəsi çərçivəsində üst modulların və dayaq blokunun tikintisi
işlərini davam etdirir.

Trend xəbər verir
ki, bunu bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat
üzrə vitse-prezidenti Stüart Şou bu gün Bakıda keçirilən Cənub Qaz
Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclasında çıxışında
deyib.

“Gələcək perspektivdə, əsas diqqətimizi Şahdəniz yatağındakı
laylardan maksimum qazvermə əmsalına nail olmağa yönəltmişik. Bu
istiqamətdə növbəti əsas addım Şahdəniz Kompressiya (ŞDK)
layihəsidir.Layihə üzrə yekun investisiya qərarını ötən ilin iyun
ayında qəbul etdik və layihəni irəli aparmaq üçün operativ şəkildə
işə başladıq. Məqsədimiz aşağı təzyiqli qaz ehtiyatlarına çıxış
əldə etmək və yatağın məhsuldar istismar müddətini uzatmaqdır”,-
Şou bildirib.

Onun sözlərinə görə, ŞDK layihəsi 2,9 milyard ABŞ dollarında
investisiyanı əhatə edir.




“Bu layihə təxminən 50 milyard kubmetr əlavə qazın və təxminən
25 milyon barel əlavə kondensatın hasil edilməsinə imkan verəcək.
Əks halda, bu həcmlər əlçatmaz olaraq qalardı.Bu layihə regionun və
Avropanın enerji təhlükəsizliyini daha da gücləndirməyə imkan
verəcək. Layihə elektrik enerjisi ilə işləyən kompressiya
qurğularından ibarət dəniz platformasının tikintisini və
istismarını nəzərdə tutur – hazırda ekranda bu platformanın 3D
modelini görürsünüz.Layihə həmçinin Şahdəniz Alfa və Bravo
platformalarında, eləcə də Səngəçal terminalında mövcud
infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir”,-
deyə o əlavə edib.

Şou bildirib ki, ŞDK platforması gələcək nəzərə alınmaqla
layihələndirilib.

“O, bütövlüklə elektrik enerjisi ilə işləyəcək və daimi heyət
olmadan, məsafədən idarə olunacaq.ŞDK layihəsi həmçinin Şahdəniz
Bravo platformasının və nəticə etibarilə yataqdakı əməliyyatların
bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq.Yekun
investisiya qərarından bəri biz bir sıra iri müqavilələr
imzalamışıq.Və hazırda həm üst modulların, həm də dayaq blokunun
tikintisi işlərini davam etdiririk. Bu işlər yerli istehsalat
sahələrində yerli resurslardan geniş istifadə etməklə həyata
keçirilir. Platformanın tikintisini 2029-cu ildə tamamlamağı
planlaşdırırıq.O, həmin il Şahdəniz Alfa platformasından, 2030-cu
ildə isə Şahdəniz Bravo platformasından aşağı təzyiqli qaz qəbul
edəcək”,- o bildirib.

O qeyd edib ki, ŞDK layihəsi təxminən 2,9 milyard dollar
həcmində investisiyanı nəzərdə tutur.