Azərbaycan və Rusiya arasında prokurorluq sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə
səfərdə olan Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr
Qorodovu qəbul edib.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Görüşdə dövlət başçılarının birgə səyi və siyasi
iradəsi sayəsində Azərbaycan ilə Rusiya arasında dostluq və
əməkdaşlıq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında mövcud olan strateji
tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı
xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar
sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin
yaradır. Bu münasibətlər, həmçinin hüquq-mühafizə və prokurorluq
orqanları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb edir.




Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr Qorodov
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək iki
ölkənin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə
olduğunu bildirib. O, cinayət işləri üzrə göndərilən sorğuların
peşəkar və keyfiyyətli şəkildə tərtib olunmasını, həmçinin uzun
illər əvvəl Rusiya Federasiyasında törədilmiş cinayətin Azərbaycan
Respublikasında açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə
cəlb edilməsini yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb.
Bununla yanaşı, cari il ərzində keçiriləcək mühüm beynəlxalq
tədbirlərdə iştirak etmək üçün dəvət ünvanlayıb.

Baş prokuror cavabında beynəlxalq tədbirlərin və tərəfdaşlarla
əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tərəflər ölkələrimizin prokurorluq orqanları arasında mövcud
olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlər
üzrə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə
ediblər.