
Bakı. Trend:
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13)
ərəfəsində tədbirin texniki hazırlıq işləri çərçivəsində WUF13
Radiospektrin İdarə Edilməsi Portalı olaraq istifadəyə verilib.
Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, yeni yaradılmış portal
tədbir zamanı simsiz cihazların təhlükəsiz, fasiləsiz və
koordinasiyalı şəkildə istifadəsini təmin etmək məqsədi
daşıyır.
Bildirilib ki, bu portal vasitəsilə akkreditə olunmuş
iştirakçılar istifadə etməyi planlaşdırdıqları simsiz cihazları
əvvəlcədən qeydiyyatdan keçirə və həmin cihazlar üçün müvafiq
radiospektrin ayrılması ilə bağlı müraciətlərini elektron qaydada
təqdim edə bilərlər.
WUF13 çərçivəsində simsiz cihazlardan istifadə etmək istəyən
bütün iştirakçılar ilk növbədə BMT-nin Məskunlaşma Proqramının
(UN-Habitat) rəsmi qeydiyyat sistemi olan GEMS portalı vasitəsilə
akkreditasiyadan keçməlidirlər. Akkreditasiya təsdiqləndikdən sonra
iştirakçılar Radiospektrin İdarə Edilməsi Portalında şəxsi
istifadəçi hesabı yaradaraq hər bir cihaz üzrə tələb olunan texniki
məlumatları təqdim etməli və radiospektrin müvəqqəti ayrılması üçün
müraciət göndərməlidir.
Müraciətlərə baxıldıqdan sonra təsdiq edilmiş cihazlar üzrə
iştirakçılara elektron poçt vasitəsilə müvafiq radiotezliklər
barədə məlumat təqdim olunur və həmin cihazlara aid QR kod portal
üzərindən aktivləşdirilir.
Tədbir məkanında bütün təsdiqlənmiş cihazlar texniki yoxlama və
etiketlənmə prosedurundan keçməlidir. Yalnız bu mərhələdən uğurla
keçmiş və müvafiq qaydada etiketlənmiş simsiz cihazların istifadə
olunmasına icazə veriləcək.
Simsiz cihazların qeydiyyatı və radiospektr üzrə müraciətlərin
təqdim edilməsi üçün son tarix 30 aprel 2026-cı ildir.
WUF13 Radiospektrin İdarə Edilməsi Portalı ilə bağlı əlavə
suallar və texniki dəstək üçün iştirakçılar [email protected]
elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.


