Cənub Qaz Dəhlizi uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynayır – Türkiyənin nazir müavini

Baş səhifə

Bakı. Trend:

Cənub Qaz Dəhlizi uzunmüddətli enerji təhlükəsizliyinin təmin
olunmasında strateji rol oynayır.

Trend xəbər verir
ki, bunu Türkiyənin Energetika və Təbii sərvətlər nazirinin müavini
Zəfər Dəmircan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının
4-cü nazirlər iclasında çıxışında bildirib.

“Cənub Qaz Dəhlizinin uzunmüddətli enerji təchizatı
təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol barədə
ümumi ortaq anlayış mövcuddur. Bu qiymətli konsepsiya indi Qafqaz
və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən “Yaşıl Enerji
Dəhlizi” istiqamətində inkişaf etməkdədir”, -deyə nazir müavini
vurğulayıb.

O qeyd edib ki, Türkiyə yalnız təbii qazın nəqli üçün deyil, həm
də elektrik enerjisinin ötürülməsi üçün ən əlverişli
marşrutdur.




“Əməkdaşlıq və tərəfdaşlıq enerji təchizatının təhlükəsizliyini
gücləndirmək və xalqlarımızın rifahını, həmçinin sosial-iqtisadi
inkişafını artırmaq üçün istifadə edə biləcəyimiz yeganə və
effektiv alətlərdir”,-deyə Demircan əlavə edib.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən
Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri
(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan
Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.
Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr
həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı
ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə
imkan verəcək.