
İndiyədək “Şahdəniz” qaz yatağından 267 milyard kubmetr təbii qaz hasil edilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi bu gün XXI əsrin ən əhəmiyyətli enerji infrastrukturu layihələrindən biri hesab olunur: “Təxminən 33 milyard ABŞ dolları həcmində investisiya, 7 ölkənin və 11 şirkətin birbaşa iştirakı ilə o, mürəkkəb və həqiqətən çoxmillətli bir enerji dəyər zəncirini təmsil edir. Bu layihə texniki mükəmməlliyindən və investisiya miqyasından əlavə, güclü siyasi iradə, sıx koordinasiya və bütün tərəfdaşlar arasında ortaq baxış üzərində qurulub”.
O qeyd edib ki, istismara verildiyi vaxtdan 2026-cü il fevralın 1-dək “Şahdəniz” yatağı 267 milyard kubmetr təbii qaz və 52,7 milyon ton kondensat hasil edilib: “Buraya “Şahdəniz-2″ mərhələsi üzrə 87 milyard kubmetr qaz da daxildir. Yataq hazırda öz pik (plato) səviyyəsində fəaliyyət göstərir. Təkcə ötən il 27,4 milyard kubmetr qaz və 3,8 milyon ton kondensat hasil edilib. Onun sabit performansı və genişlənmə imkanları Cənub Qaz Dəhlizinin üzərində qurulduğu bünövrəni təmin edib”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


