
Bakı. Trend:
Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində etibarlı tranzit ölkə
rolunu oynayır, regional və Avropa bazarları üçün enerji
təchizatının şaxələndirilməsinə və təhlükəsizliyinə töhfə
verir.
Trend xəbər verir
ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı inkişaf naziri Mariam
Kvrivişvili Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər
iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasında
çıxışında deyib.
“Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində etibarlı tranzit ölkə
rolunu oynayır, regional və Avropa bazarları üçün enerji
təchizatının şaxələndirilməsinə, həmçinin təhlükəsizliyinə töhfə
verir. Davamlı regional əməkdaşlıq və gücləndirilmiş bağlantılar
təhlükəsiz və dayanıqlı enerji gələcəyinin əsas dayağı olaraq
qalır. Gürcüstan 2036-cı ilədək elektrik enerjisi istehsalında
özünü tam təmin etməyi hədəfləyir. Bu məqsədə bərpa olunan enerji
və ötürücü infrastruktur sahələrinə, o cümlədən yeni sərhədlərarası
bağlantıların inkişafına yönəldilmiş əhəmiyyətli investisiyalar
hesabına nail olacaq”,-deyə o bildirib.
Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən
Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri
(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).
Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan
Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.
Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr
həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı
ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə
imkan verəcək.


