
Bakı. Trend:
Novruz çərşənbələri xalqımızın qədim dünyagörüşünü, mifoloji
təfəkkürünü və mənəvi yaddaşını yaşadan ən mühüm mərasim
qatlarından biridir. Bu çərşənbələr içində isə Od çərşənbəsi xüsusi
yer tutur. Od yalnız fiziki istilik və işıq mənbəyi deyil,
minilliklər boyu formalaşmış inanc sistemində müqəddəslik,
təmizlənmə, qorunma və yenilənmə rəmzi kimi qəbul edilib. Qədim
türk düşüncəsindən süzülüb gələn bu kult bu gün də xalqın
adət-ənənələrində, mərasimlərində və gündəlik həyatında
yaşamaqdadır.
Od kultu: müqəddəslik və mifoloji təməl
Mövzu ilə bağlı Trend-ə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru,
dosent, folklorşünas İlhamə Qəsəbova bildirib ki, inanc sistemində
od kultu mühüm yer tutur.
Onun sözlərinə görə, mifoloji dünya görüşündə od müqəddəslik,
təmizlik və qoruyucu güc rəmzi kimi qəbul olunur:
“Qədim türk inanclarında od həyatın, işığın və yenilənmənin
simvoludur. Novruz mərasimlərində tonqal qalamaq və odun üzərindən
tullanmaq məhz bu qədim inancların davamı kimi formalaşıb”.
Mənəvi və fiziki təmizlənmə inancı
Folklorsünas qeyd edib ki, Od çərşənbəsində odun insanı mənəvi
cəhətdən təmizlədiyinə inanılır və bu inanc yalnız çərşənbə ilə
məhdudlaşmır:
“Ümumilikdə od fiziki və ruhi təmizlənmə vasitəsi sayılır.
İnanclara görə, insanın ağrıları, pislikləri və günahları od
vasitəsilə yanıb yox olur, insan mənəvi sağlamlığa qovuşur.
Novruz mərasimlərində tonqal ətrafında toplaşmaq birlik,
həmrəylik və yeni başlanğıcın simvoludur. İnsanlar tonqal qalayır,
odun üzərindən tullanaraq ilin uğurlu və bərəkətli keçməsini
arzulayırlar. Bu ənənə qədim mifoloji düşüncənin bu günə qədər
yaşayan nümunəsidir”.
Od-ocaq anlayışı və ailə müqəddəsliyi
İlhamə Qəsəbova od kultunun qədim türklərin inanclarında
əhəmiyyətinə də diqqət çəkib:
“Qədim türklərdə od kultu oda tapınmaq və onu müqəddəs varlıq
kimi qəbul etməklə ifadə olunurdu. Od-ocaq ailəni qoruyan müqəddəs
dəyər sayılırdı. Ocağın sönməsi ailənin bədbəxtliyi kimi yozulurdu.
Buna görə də xalq arasında “Ocağın sönməsin” duası formalaşıb.
Od-ocaq anlayışı ailənin və soyun davamlılığını ifadə edir. Aşıq
poeziyasında isə od-ocaq ilahi eşq və ilhamın rəmzi kimi təsvir
olunur”.
Gündəlik həyatda yaşayan inanclar
O qeyd edib ki, od kultu bu gün də Azərbaycan xalqının
mərasimlərində, folklorunda və gündəlik həyatında yaşamaqdadır:
“Od qalayarkən üzərinə su töküb söndürməmək, ocağın külünü
ayaqlamamaq kimi inanclar buna nümunədir. Novruz çərşənbələrində,
xüsusilə kənd yerlərində qonşu sac asmaq üçün kül istədikdə onu
verməzlər. İnanca görə, külün verilməsi evin bərəkətinin azalmasına
səbəb olar”.
Köçərilik ənənəsi və “kül salmaq” ifadəsi
“Qədim türklər köç edərkən ocağın külünü də özləri ilə aparar,
yeni məskəndə həmin küldən ocaq qalayardılar. Bu, həyatın və ocağın
davamlılığını simvolizə edirdi. Xalq arasında işlənən “getdi kül
saldı, gəlmədi” ifadəsi də buradan qaynaqlanır. “Kül salmaq” bir
yerdə məskunlaşmaq, kök salmaq və yaşamaq mənasını verir”.
Od və ruhlar inancı
“Tarix boyu oda inanmaq, Novruz bayramında qapı önündə od
qalamaq mənfi enerjidən təmizlənmə anlamı daşıyıb. İnanca görə,
həmin gün evlərin işıqları yandırılmalıdır ki, köçmüş doğmaların
ruhu evə qayıda bilsin.
Od çərşənbəsində od qalamaq xeyirin şər, işığın qaranlıq
üzərində qələbəsi kimi yozulur. Qarabağ bölgəsində bu gün
münasibətilə “lopa”lar hazırlanardı.
Çomağa bənzər ağacın başına lazımsız parçalar dolanır, məftillə
bağlanır və neftə batırılırdı. Evdəki hər uşağın adına bir lopa
düzəldilər, sonra uşaqlar onu alovlandıraraq havaya atardılar. Bu
mərasim simvolik təmizlənmə və qorunma xarakteri daşıyırdı”.
Süfrə mədəniyyəti və mərasim oyunları
Folklorsünasın sözlərinə görə, od çərşənbəsi həm də süfrə
mədəniyyəti ilə müşayiət olunub:
“Rayonlarda sac asılar, çörək bişirilərdi. Qərb bölgəsində
əriştə kəsilər, həmin günün aşı mütləq əriştə ilə bişirilərdi.
Yaxın keçmişdə Qarabağda kəndin başında zurna çalınar, kəndirbazlar
çıxış edər, müxtəlif oyunlar və at yarışları təşkil olunardı.
Təəssüf ki, müasir dövrdə bu ənənələrin bir qismi qorunub
saxlanılmayıb”.
Od çərşənbəniz mübarək!


