Hava hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

28 fevraldan etibarən İsrail və ABŞ-nin İrana hərbi hava
hücumları nəticəsində ölənlərin sayı 787 nəfərə yüksəlib.

Trend-in
məlumatına görə, bununla əlaqədar İranın Qırmızı Aypara Cəmiyyəti
məlumat yayıb.

Bildirilib ki, ölkənin 153 rayonuna edilən hücumlarda ümumilikdə
504 məkan vurulub. İndiyədək 1 039 hücum qeydə alınıb.

Məlumata görə, İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları
uçqunların təmizlənməsi, yaralıların xilas edilməsi və
xəstəxanalara çatdırılması əməliyyatlarını davam etdirirlər.




Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.