İlin ilk ay tutulması başlayır

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk Ay tutulması başlayır.

Trend N.Tusi
adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, ay
tutulması bu gün saat 12:44-də başlayıb saat 18:23-də bitəcək.

Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam
Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi
Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında
müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və
sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək
mümkün olmayacaq.




Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş
işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman
Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay
tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki
Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması
yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105
dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq
Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna
bilər.

“Qanlı Ay” kimi bilinən hadisə də məhz tam Ay tutulması zamanı
baş verir və Ayın rəngi qırmızı çalara boyanır. Bunun səbəbi
tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq
uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman
qırmızı çalara bürünür.

Qeyd edək ki, Ay tutulması 3 cür olur. Belə ki, Tam Ay tutulması
zamanı Ay tamamilə Yerin tam kölgəsinə keçdikdə müşahidə olunur.
Qismən Ay tutulması zamanı isə Ay Yerin kölgəsinə qismən keçir.
Yarımkölgəli Ay tutulmasında isə Ay ancaq Yerin yarımkölgəsinə
daxil olduğu zaman baş verir. Bu zaman Ay bir az tündləşir ki, bu
fərqi insan gözü ilə seçmək çətin olur.