Rəqəmsallaşma dövründə uşaq tərbiyəsi – çağırışlar və həll yolları

Baş səhifə

Bakı.Trend:

Prezident İlham Əliyevin imzaladığı “Uşaqların rəqəmsal mühitdə
zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər
haqqında” Sərəncama əsasən, Azərbaycanda uşaqların sosial
şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək.
Həmçinin sərəncamda qeyd edilir ki, Azərbaycanda ümumi təhsil
müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair
qaydalar müəyyən ediləcək.

Sənəddə göstərilir ki, sosial münasibətlərin sürətlə
rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına
getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə
informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının
artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir
texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini
və təkmilləşdirilməsini zəruri edir.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında İnformasiya Texnologiyalara üzrə
mütəxəssis Bəhruz Əliyev bildirib ki, son dövrlərdə bir çox
ölkələrdə məktəblərdə mobil telefon istifadəsinin
məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul olunur.

Onun sözlərinə görə, ölkəmizdə də bu məsələnin qaydalarla
tənzimlənəcəyinin əksini tapması qlobal tendensiyanın bir hissəsi
kimi qiymətləndirilə bilər:

“Böyük Britaniyada məktəblərə mobil telefon istifadəsini qadağan
və ya ciddi məhdudlaşdırmaq tövsiyə olunub. Dərs zamanı diqqətin
yayınmasının qarşısını almaq, kiberzorakılığın (cyberbullying)
azalması, sosial şəbəkə asılılığının zəiflədilməsi, psixi
sağlamlığın qorunması, bir çox məktəbdə telefonlar ya ümumiyyətlə
qadağandır, ya da dərs vaxtı xüsusi qutularda saxlanılır.

Fransada 15 yaşadək şagirdlər üçün məktəbdə mobil telefon
istifadəsi qanunla qadağandır. Yalnız tədris məqsədli xüsusi icazə
ilə istifadə mümkündür.

Finlandiyada isə tam qadağa deyil, nəzarətli və məqsədli
istifadə modeli tətbiq olunur. Texnologiya dərs prosesinə
inteqrasiya olunur, amma sosial media istifadəsi
məhdudlaşdırılır”.

B.Əliyev qeyd edib ki, bəzi araşdırmalara görə, 10-16 yaş arası
uşaqlarda gündə 3-5 saat sosial media istifadəsi diqqət
dağınıqlığını artırır. Yuxu rejimi pozulur. Özünəinam və bədən
imici ilə bağlı problemlər yaranır. Real sosial münasibətlər
zəifləyə bilir. Amma düzgün istifadə olunarsa, nəzarət olarsa,
rəqəmsal bacarıqlar inkişaf edir, informasiya əldə etmə sürətlənir,
onlayn təhsil imkanları artır.

Mütəxəssisin fikrincə, ölkəmizdə bu istiqamətdə daha balanslı
bir üslub ola bilər. Tam qadağa deyil, amma tənzimləmə
mümkündür:

“Dərs zamanı istifadənin qadağan edilməsi, fasilə vaxtı isə
nəzarətli istifadə etmək ola bilər. Rəqəmsal etik davranış
dərsləri, kiberhigiyena, sosial media savadlılığı, məlumat
təhlükəsizliyi kimi məsələlərdə maarifləndirmənin güclənməsinə
ehtiyac var. Valideyn-məktəb koordinasiyası da əhəmiyyətlidir.
Məsələn, evdə ekran vaxtına nəzarət, psixoloji maarifləndirmə çox
əhəmiyyətlidir”.

B.Əliyev əlavə edib ki, əsas məqsəd, uşağın diqqətini qorumaq,
psixi sağlamlığı gücləndirmək, rəqəmsal asılılığı azaltmaq,
tədrisin keyfiyyətini artırmaqdır.




İnformasiya təhlükəsizliyi üzrə ekspert Fərid Pərdəşünas isə
Trend
açıqlamasında bildirib ki, qlobalda sosial şəbəkələrə giriş üçün
minimum 13 yaş müəyyən olunub, lakin bu nəzarət olunmayan bir
mexanizmdir.

Onun sözlərinə görə, 13 yaşından kiçik uşaqlar asanlıqla hesab
yaradaraq sosial şəbəkələri aldada bilirlər. Bu isə beynəlxalq
səviyyədə narazılıqların yaranmasına səbəb olub:

“Ən böyük etirazlar ötən il Avstraliyada başlanıb. Orada 16
yaşına çatmayan uşaqların sosial mediadan istifadəsi tamamilə
qadağan edilib. Avstraliya sosial şəbəkələrdən tələb edib ki, 16
yaşadək bütün hesablar silinsin və qeydiyyat dayandırılsın. Eyni
qayda artıq Fransada da qanunvericilik səviyyəsində tətbiq edilməyə
başlayıb. Orada yaş məhdudiyyəti 15 yaşa endirilib. Eyni hal
İspaniya və Portuqaliyada da qanunvericilik mərhələsindədir”.

Mütəxəssis vurğulayıb ki, hazırda azyaşlı və yeniyetmələrin
sosial şəbəkələrdən istifadəsinə bir çox dövlətlər birbaşa nəzarət
edirlər:

“Bəzi dövlətlər sosial platformalardan tələb edirlər ki,
qeydiyyat prosesini şəxsiyyət vəsiqələri və süni intellekt
proqramları ilə həyata keçirsinlər. Bu yeni qaydalar olduğu üçün
tənzimləmə mexanizmləri hələ tədricən formalaşır”.

Öz növbəsində informasiya məsələləri üzrə ekspert Əmrah
Mövsümzadə Trend-ə bildirib ki,
məktəblərdə mobil telefon və elektron cihazlardan istifadəyə dair
məsələlərin müəyyənləşdirilməsi çox aktual və vaxtında atılan
addımdır:

“Müasir dövrdə rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz
hissəsinə çevrilsə də, xüsusilə məktəb mühitində onların nəzarətsiz
istifadəsi bir sıra risklər yaradır. Sosial şəbəkələr və oyunların
nəzarətsiz istifadəsi diqqət dağınıqlığı, asılılıq, kiberbullinq,
şəxsi məlumatların ifşası və psixoloji gərginlik kimi problemlərə
səbəb olur. Dünyanın bir çox inkişaf etmiş ölkəsi hazırda bu
istiqamətdə ciddi addımlar atır.

Məsələn, Böyük Britaniyada dərs vaxtı şagirdlərin mobil
vasitələrdən istifadəsinə ciddi nəzarət edilir. Oxşar yanaşmalar
Fransa və İtaliya kimi ölkələrdə də tətbiq olunur. Bu qərarların
əsas səbəbi diqqət dağınıqlığını aradan qaldıraraq akademik
göstəriciləri yüksəltməkdir.

Problem cihazın özü deyil, onun nəzarətsiz və məqsədsiz
istifadəsidir. Düzgün tənzimləmə təhsilin keyfiyyətini artıracaq və
gələcək nəsli kibertəhlükələrdən qorumağa kömək edəcək”.