Sloveniyada Xocalı soyqırımı haqqında məlumatlandırma aksiyası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Sloveniyanın
paytaxtı Lyublyana şəhərinin mərkəzi küçələrində yerləşən rəqəmsal
reklam lövhələrində məlumatlandırma aksiyası keçirilib.

Trend xəbər
verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Türk Mədəniyyəti
Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Rəqəmsal lövhələrdə bəşəriyyətin ən qanlı faciələrindən biri
olan Xocalı soyqırımı ilə bağlı tarixi faktları əks etdirən
məlumatlar yayımlanıb, amansızcasına qətlə yetirilən günahsız
insanlar dərin hörmətlə yad olunub. Lövhələrdə “Heç bir münaqişə
günahsız insanların həyatına son qoymasın” şüarı yer alıb. Xocalıda
insanlıq əleyhinə törədilən cinayətlər barədə daha geniş bilgi əldə
etmək üçün QR kod yerləşdirilib. Maarifləndirici materiallar
şəhərin 28 müxtəlif nöqtəsində nümayiş olunub.




Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh
Qurbanov bildirib ki, Xocalı faciəsi yalnız Azərbaycan xalqının
deyil, bütün bəşəriyyətin ağrısıdır. Bu həqiqətlərin dünyaya
çatdırılması, soyqırımı qurbanların xatirəsinin yaşadılması hər
kəsin borcudur.

Aksiya şəhər sakinlərinin Xocalı soyqırımı barədə dolğun məlumat
əldə etməsinə töhfə verib.