
Bakı. Trend:
Azərbaycanda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji
resurslarından səmərəli istifadə dövlət siyasətinin əsas
prioritetlərindən biridir. Bu məqsədlə ölkədə enerji
effektivliyinin artırılması, stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi istiqamətində ardıcıl addımlar atılır. Azərbaycan
Respublikasını Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Enerji
effektivliyi fondu da bu siyasətin mühüm alətlərindən biridir.
Fondun vəsaitlərinin idarə edilməsini Enerji Məsələlərini
Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir.
Trend Enerji
effektivliyi fondunun fəaliyyəti, enerji effektivliyinin təşviqi
istiqamətində həyata keçirilən tədbirlər barədə EMTA-nın İdarə
Heyətinin sədri Samir Axundovla müsahibəni təqdim edir.
1. Enerji effektivliyi fondunun yaradılmasının əsas
məqsədi nədir?
Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin
1 mart 2024-cü il tarixli, 13 nömrəli Fərmanı ilə yaradılıb. Fondun
əsas məqsədi enerji resurslarından səmərəli istifadənin təmin
edilməsi, eyni zamanda enerji effektivliyi üzrə tədbirlərin
stimullaşdırılması və təşviqidir.
2. Fondun vəsaitləri hesabına enerji effektivliyinin
təşviqi məqsədilə hansı stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur?
Enerji effektivliyinin təşviqi məqsədilə Fondun vəsaitləri
hesabına həyata keçiriləcək stimullaşdırıcı tədbirlər müvəkkil
kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi,
enerji effektivliyi üzrə pilot layihələrin tətbiqi, həmçinin qrant
və subsidiyaların ayrılmasdır. Pilot layihələrin əsasən dövlət
mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrində həyata
keçirilməsi, subsidiyalar vasitəsilə isə enerji effektivliyi
tədbiri ilə bağlı xərclərin müəyyən bir hissəsinin
maliyyələşdirilməsi nəzərdə tutulur. Subsidiyalardan əsasən məcburi
enerji auditi subyektləri və dövlət mülkiyyətində olan sosial,
təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə
idarəedici təşkilatları yararlana bilər.
Qrantların isə başlıca olaraq ali təhsil müəssisələrində və
elmi-tədqiqat institutlarında enerji effektivliyi sahəsində
aparılan elmi araşdırmaların və tədqiqatların təşviqi məqsədilə
ayrılması nəzərdə tutulub.
3. Qeyd etdiniz ki, stimullaşdırıcı tədbirlərdən biri də
güzəştli kreditlərin verilməsidir. Kreditlərin faiz dərəcəsi,
müddəti və məbləği barədə məlumat verə bilərsinizmi? Bu
kreditlərdən kimlər yararlana bilər?
“Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və
istifadə Qaydası”na əsasən, 1 000 manatdan 50 000 manatadək
kiçikhəcmli kreditlər, 50 001 manatdan 1 000 000 manatadək
ortahəcmli kreditlər, 1 000 001 manatdan 10 000 000 manatadək isə
böyükhəcmli kreditlər olaraq təsnifləşdirilib. Kiçikhəcmli
kreditlərin 5 ilədək, ortahəcmli kreditlərin 10 ilədək, böyükhəcmli
kreditlərin isə 15 ilədək müddətə verilməsi nəzərdə tutulur.
Hazırki mərhələdə, əlçatanlığın təmin edilməsi məqsədilə
kreditlərin illik faiz dərəcəsi 5% həddində müəyyənləşdirilib və bu
kreditlərdən həm fiziki, həm də hüquqi şəxslər yararlana
biləcək.
4. Energetika Nazirliyinin 22 yanvar 2026-cı il tarixli
Kollegiya Qərarı ilə “Enerji effektivliyi fondunun vəsaiti hesabına
maliyyələşdirilən layihələrə dair Tələblər” təsdiqlənib. Sözügedən
sənəd barədə məlumat verə bilərsinizmi?
Kollegiya Qərarı ilə təsdiq edilmiş bu sənəddə yuxarıda adı
çəkilən stimullaşdırıcı tədbirlər – pilot layihələr, qrant,
subsidiya və güzəştli kreditlər üzrə hədəf qrupları,
stimullaşdırıcı tədbirlərin əhatə dairəsi, habelə bu tədbirlər
çərçivəsində tətbiq edilməsi nəzərdə tutulan enerji effektivliyi
texnologiyaları və onlara dair tələblər ətraflı şəkildə öz əksini
tapıb.
5. Sözügedən stimullaşdırıcı tədbirlərin hansı
istiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılır?
Enerji effektivliyi üzrə tədbirlərin keçiriləcəyi istiqamətlər
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsində
öz əksini tapıb. Bu istiqamətlərə enerji effektivliyi üzrə
tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi,
elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi, enerji menecmenti
sisteminin, ağıllı sayğacların və sistemlərin, kogenerasiya və
yüksək effektiv kogenerasiya qurğularının tətbiqi və bərpa olunan
enerji mənbələrindən istifadə aid edilib.
Həmçinin, Energetika Nazirliyinin Kollegiya Qərarı ilə təsdiq
edilmiş “Enerji effektivliyi fondunun vəsaiti hesabına
maliyyələşdirilən layihələrə dair Tələblər”də yuxarıda qeyd olunan
hər bir istiqamət üzrə müvafiq enerji effektivliyi texnologiyaları
və tədbirləri təsbit olunub. Enerji effektivliyi üzrə
texnologiyalara və tədbirlərə misal olaraq, binalarda izolyasiyanın
həyata keçirilməsini, müasir tələblərə cavab verən istilik
sistemlərinin quraşdırılmasını, mövcud istilik sistemlərinin enerji
effektivliyi baxımından təkmilləşdirilməsini, aktiv istehlakçılar
üçün günəş panellərinin və “off-grid” rejimli bərpa olunan enerji
mənbələrinin tətbiqini, yüksək effektivli işıqlandırma
sistemlərinin quraşdırılmasını göstərmək olar.
6. Enerji effektivliyi fondu çərçivəsində həyata
keçirilən bu addımların ölkə iqtisadiyyatına və vətəndaşlara
uzunmüddətli faydası nə olacaq?
Enerji effektivliyi fondu çərçivəsində həyata keçirilməsi
nəzərdə tutulan enerji səmərəliliyi tədbirləri nəticəsində, ilk
növbədə ölkə üzrə istehlak olunan enerji resurslarına qənaət
olunması və enerji xərclərinin azaldılması hədəflənir. Bu isə öz
növbəsində, vətəndaşların ailə büdcələrinə, eləcə də ölkədə
fəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyətinə öz müsbət
təsirini göstərmiş olacaq. Ümumiyyətlə, enerji səmərəliliyi
tədbirləri mövcud resurslardan daha effektiv istifadə imkanı
yaratmış olacaq.
Eyni zamanda, bu proseslər ekoloji baxımdan da mühüm əhəmiyyət
daşıyır. Enerji istehlakının optimallaşdırılması karbon
emissiyalarının azalmasına, daha təmiz ətraf mühitin formalaşmasına
və Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinə də öz töhfəsini
vermiş olur.
Nəticə etibarilə, Enerji effektivliyi fondu yalnız maliyyə
mexanizmi deyil, həm də ölkədə enerjidən səmərəli istifadə
mədəniyyətinin formalaşdırılmasına, innovativ texnologiyaların
tətbiqinə və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş
strateji alətdir.


