Sosial şəbəkələr dərs zamanı qadağan edilə bilər

Baş səhifə

“Prezident İlham Əliyev tərəfindən imzalanmış “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam müasir dövrdə son dərəcə aktual və strateji əhəmiyyət daşıyan sənəddir. Rəqəmsallaşmanın sürətlə artdığı, uşaqların internetə çıxış imkanlarının genişləndiyi bir şəraitdə dövlət səviyyəsində bu istiqamətdə kompleks tədbirlərin müəyyənləşdirilməsi zəruri idi”.

Bu fikri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Jalə Əliyeva bildirib.

O qeyd edib ki, Sərəncam bir neçə baxımdan mühüm əhəmiyyət kəsb edir:

“İlk növbədə, milli təhlükəsizlik və mənəvi dəyərlərin qorunması baxımından əhəmiyyət daşıyır. Belə ki, rəqəmsal mühit təkcə informasiya məkanı deyil, həm də ideoloji təsir platformasıdır. Zərərli kontent – zorakılıq, narkotika təbliğatı, intihara çağırışlar, ekstremizm, əxlaqa zidd materiallar – uşaqların psixoloji və mənəvi inkişafına ciddi təhlükə yaradır. Sərəncam bu risklərin qarşısının sistemli şəkildə alınmasına yönəlib.

Daha sonra, bu sənəd dövlət–ailə–təhsil üçbucağının formalaşdırılması baxımından vacibdir. Uşaqların qorunması yalnız valideyn məsuliyyəti deyil. Bu, dövlət siyasəti və təhsil strategiyasının bir hissəsidir. Sərəncam institusional mexanizmlərin yaradılmasını, aidiyyəti qurumlar arasında koordinasiyanı nəzərdə tutur.

Həmçinin məqsəd rəqəmsal savadlılığın artırılmasını təşviq etməkdir. Görünən odur ki, sadəcə qadağa mexanizmi kifayət deyil. Uşaqlar və valideynlər rəqəmsal təhlükəsizlik qaydaları barədə maarifləndirilməlidirlər. Media savadlılığı tədris proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir. Bağça və orta məktəblərdə sosial şəbəkələrdən filtrli istifadə mexanizminin yaradılması çox vacib elementdir”.

Jalə Əliyeva qeyd edib ki, uşaq və yeniyetmələrin sosial şəbəkələrdən filtrli şəkildə istifadə etməsi üçün ən məqsədəuyğun mexanizm texniki, inzibati və maarifləndirici modelin kombinasiyasıdır:

“İlk növbədə, texniki filtrasiya sisteminin təmin edilməsi üçün təhsil müəssisələrində mərkəzləşdirilmiş internet nəzarət sistemi, dövlət səviyyəsində vahid təhsil şəbəkə filtri platforması yaradılmalıdır.

Məktəblərin internet çıxışı vahid server üzərindən idarə olunmalıdır. Yaş kateqoriyasına uyğun kontent filtrləri tətbiq edilməlidir. Süni intellekt əsaslı zərərli kontentin aşkarlanması mexanizmləri qurulmalıdır.

Məktəblərdə yalnız təsdiq olunmuş təhsil və maarifləndirici platformalara giriş açıq olmalıdır. Sosial şəbəkələr isə tədris məqsədilə məhdud və nəzarətli formada istifadə olunmalıdır. Telefon istifadəsi ilə bağlı aydın qaydalar hazırlanmalıdır. Dərs zamanı sosial şəbəkələrə giriş qadağan edilməlidir.

Məktəblərdə, məsələn, rəqəmsal təhlükəsizlik koordinatoru vəzifəsi təsis edilə bilər. Psixoloqlar kibertəhlükə və onlayn zorakılıq mövzularında mütəmadi seminarlar keçməlidirlər.

Məktəbəqədər tədris müəssisələri də unudulmamalıdır. Bağça yaşlı uşaqlar üçün sosial şəbəkə istifadəsi ümumiyyətlə nəzərdə tutulmamalıdır.

Yalnız təlim xarakterli, qapalı və təhlükəsiz platformalardan istifadə edilməlidir. Valideyn nəzarət proqramlarının istifadəsi təşviq olunmalıdır. Valideynlər üçün rəqəmsal təhlükəsizlik təlimləri təşkil edilməlidir. Ailə və məktəb arasında daimi kommunikasiya platforması yaradılmalıdır”.

Deputatın fikrinə görə, ən məqsədəuyğun mexanizm tam qadağa yox, nəzarətli və maarifləndirici istifadə modelidir:

“Müasir dünyada rəqəmsal mühitdən tam təcrid real deyil. Məqsəd uşağı internetdən uzaqlaşdırmaq yox, təhlükəsiz istifadə vərdişi formalaşdırmaqdır. Uşağa “rəqəmsal immunitet” qazandırmaq bu problemin uzunmüddətli həll yoludur”.

“Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu Sərəncam Azərbaycanın gələcək nəsillərinin sağlam psixoloji və mənəvi mühitdə formalaşmasına xidmət edən strateji sənəddir. Rəqəmsal dövrdə uşaqların qorunması milli prioritet məsələdir”, – deyə Milli Məclisin üzvü əlavə edib.