
Bakı. Trend:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu bu gün yalnız
Azərbaycanın çoxəsrlik tarixinin simvolu deyil, eyni zamanda mədəni
irsi, müasir idarəetməni və iqtisadi dayanıqlılığı birləşdirən
dinamik şəhər məkanıdır.
Bakının qədim hissəsi olan İçərişəhərin strateji rolu, əsas
çağırışları və inkişaf perspektivləri barədə Qoruğun İdarə
Heyətinin sədri Rüfət Mahmud Trend-ə verdiyi müsahibədə məlumat verib.
O, milli irsin qorunmasında dövlətin roluna xüsusi diqqət çəkib.
Onun sözlərinə görə, tarixi-mədəni abidələrin mühafizəsi
istiqamətində strateji və ardıcıl dövlət siyasəti həyata
keçirilir.
“Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa işlərinə,
tarixi mühitin qorunmasına və mədəni infrastrukturun inkişafına
prioritet əhəmiyyət verilir. Azərbaycanın mədəni irsinin beynəlxalq
miqyasda tanıdılmasına və bərpa layihələrinin icrasına Birinci
vitse-prezident Mehriban Əliyeva mühüm töhfə verir. Sistemli dövlət
dəstəyi İçərişəhərin dünya əhəmiyyətli obyekt kimi uzunmüddətli
inkişafı üçün möhkəm institusional və maliyyə bazası yaradır”, –
deyə İdarə Heyətinin sədri vurğulayıb.
Onun sözlərinə görə, İçərişəhər artıq sadəcə Bakının tarixi
mərkəzi deyil, kompakt lakin yüksək konsentrasiyalı mədəni-iqtisadi
klasterdir. Təxminən 22 hektarlıq ərazidə paytaxta turist marağının
əhəmiyyətli hissəsi formalaşır: Bakıya gələn qonaqların dörddə
birinə qədəri səfər proqramına mütləq şəkildə
İçərişəhəri daxil edir. Son bir ildə ziyarətçi sayı 8–12 % artıb,
turistlərin orta qalma müddəti uzanıb, tədbir aktivliyi güclənib.
Lakin Rüfət Mahmudun sözlərinə görə, əsas məsələ rəqəmlər deyil,
onların keyfiyyətidir — İçərişəhər tədricən “cəlbedici məkan”
modelindən dayanıqlı şəhər mərkəzi modelinə transformasiya
olunur.
“Surətlə inkişaf edən meqapolis şəraitində tarixi mərkəz balans
funksiyasını yerinə yetirir — bu, insan miqyaslı, piyada yönümlü,
lokal biznesin və mədəni yaddaşın qorunduğu bir məkandır. Müasir
memarlıqla tarixi mühitin sinergiyası dayanıqlı şəhər modelini
formalaşdırır”, – deyə o bildirib.
Qoruq rəhbərliyi İçərişəhərə ilk növbədə “canlı tarixi şəhər”
kimi yanaşır, onu açıq səma altında muzey formatında deyil,
yaşayış məkanı kimi görür. Prioritet yalnız fasadların
qorunması deyil, həm də rezidentlərin həyat keyfiyyətinin
yüksəldilməsidir. “Tarixi toxumanın qorunması prinsiplərinə riayət
etməklə mühəndis infrastrukturunun modernləşdirilməsi aparılır,
obyektlərin istismar və idarəetmə mexanizmləri təkmilləşdirilir,
dam örtükləri və müasir memarlıq müdaxilələri üzrə vahid
reqlamentlər hazırlanır. Eyni zamanda nəqliyyat rejimi
optimallaşdırılır və piyada mühitinin prioritetliyi gücləndirilir”,
– deyə Rüfət Mahmud qeyd edib.
İdarəetmənin rəqəmsallaşdırılması inzibati prosedurların
sürətləndirilməsinə və sakinlərlə kommunikasiyanın şəffaflığının
artırılmasına imkan verir. Effektivlik KPI sistemi vasitəsilə —
razılaşdırma müddətlərindən tutmuş rezident məmnunluğu
səviyyəsinədək — qiymətləndirilir. “Tarixi mərkəz yaşamaq üçün
komfortlu olmalıdır, əks halda dekorasiyaya çevrilir”, – deyə o
vurğulayıb.
İqtisadi baxımdan İçərişəhər hər kvadratmetr üzrə yüksək əlavə
dəyər yaradan mədəni yönümlü mikroiqtisadi modelə
malikdir. Əsasını mədəni turizm, hotel-restoran sektoru,
sənətkarlıq və kreativ sənayelər, eləcə də tədbir iqtisadiyyatı
təşkil edir. Son bir ildə turizm sektorunun dövriyyəsi artıb,
qastronomik layihələrin spektri genişlənib, gəlirlərin
diversifikasiyası güclənib.
Administrasiyanın strateji məqsədi “turist axını” modelindən
dəyər əsaslı turizm modelinə — yəni yalnız
kəmiyyətə deyil, iqtisadi dərinliyə və auditoriyanın keyfiyyətinə
əsaslanan yanaşmaya keçiddir. Prioritetlər sırasında premium
seqmentin inkişafı, yerli sahibkarlığın dəstəklənməsi və özəl
sektorla dayanıqlı tərəfdaşlıqların formalaşdırılması yer alır.
Çağırışlara toxunan Rüfət Mahmud autenikliyin qorunması ilə
kommersiyalaşma təzyiqi arasında balansın vacibliyini vurğulayıb.
Əsas istiqamətlər sırasında tarixi toxumanın preventiv
konservasiyası, memarlıq müdaxilələrinə nəzarət, turizm yükünün
idarə olunması və maliyyə dayanıqlığının təmin edilməsi qeyd
olunub.
“Növbəti inkişaf mərhələsi “Smart Reserve” – “Ağıllı qoruq”
konsepsiyasının həyata keçirilməsi ilə bağlıdır. Daşınmaz əmlak və
infrastruktur üzrə vahid rəqəmsal kadastr yaradılır, turist
axınlarının analitikası tətbiq edilir, rəqəmsal naviqasiya və
kontent sistemi inkişaf etdirilir, maliyyə şəffaflığı gücləndirilir
və bütün fəaliyyət istiqamətlərində KPI yanaşması tətbiq olunur”, –
deyə o bildirib.
Sonda Rüfət Mahmud qeyd edib ki, əsas məqsəd İçərişəhəri region
üçün “ağıllı tarixi şəhər” modelinə çevirməkdir — ənənə ilə
texnologiyanın ziddiyyət təşkil etmədiyi, əksinə, şəhər sisteminin
dayanıqlığını qarşılıqlı şəkildə gücləndirdiyi, mədəni identikliyin
qorunaraq müasir şəraitdə inkişaf etdiyi bir məkan kimi
formalaşdırmaqdır.


