İranın Mehran sərhəd alayı vurulub, ölənlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin İrana hərbi hava hücumları fonunda bu gün səhər
saatlarında İranın cənub-qərbində yerləşən İlam vilayətinin Mehran
rayonunda Mehran sərhəd alayının qərargahı vurulub.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.

Məlumata əsasən, sərhəd alayının qərargahının vurulması
nəticəsində 21 nəfər ölüb.

Məlumatda qeyd olunur ki, 10 nəfər sərhəd alayının hərbi
mütəxəssisi və 11 nəfər əsgər olub.

Sərhəd alayı qərargahının vurulması nəticəsində ətraf binalara
da ciddi şəkildə ziyan dəyib.




Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.