
Bakı. Trend:
Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən
Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş
rejimdə davam etdirir.
Trend xəbər verir ki, bu
barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi
Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində
vətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlamada bildirilib.
“Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik
missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir.
İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır.
Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək
göstərilir və onun vəziyyəti yaxşıdır.
Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici
İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq,
İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün
yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru
sərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız
Azərbaycan sərhəddindən keçid edib.
Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə
alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə
tutulmur.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik
vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının
göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma
yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini
gücləndirmələri xahiş olunur”, – deyə açıqlamada bildirilir.


