İranda Müvəqqəti Liderlik Şurası təşkil olunacaq – Laricani

Baş səhifə

Bakı. Trend:

İranda tezliklə Müvəqqəti Liderlik Şurası təşkil olunacaq.

Trend-in
məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının
katibi Əli Laricani yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, şuranın yaradılması ilə əlaqədar bütün
hazırlıq işləri başa çatıb.

Qeyd edək ki, İran konstitusiyanın 111-ci maddəsinə əsasən, İran
lideri öldüyü, istefa verdiyi və ya kənarlaşdırıldığı halda, İranın
Xobrəqan-Ekspertlər Məclisi dərhal yeni liderin təyin olunması və
elan olunması üçün addım atır. Lider elan olunana qədər prezident,
məhkəmə sisteminin rəhbəri və Xobrəqan-Ekspertlər Məclisinin
seçdiyi Xobrəqan-Ekspertlər Məclisindən bir nəfər liderin bütün
vəzifələrini müvəqqəti icra edirlər. Bu müddət ərzində üç nəfərdən
hər hansı biri öz vəzifəsini yerinə yetirə bilməzsə,
Xobrəqan-Ekspertlər Məclisinin seçimi ilə həmin şəxsin yerinə
seçilir.




Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.