
Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası İsrail və ABŞ-nin İrana hərbi hava
hücumlarının dayandırılması üçün təcili iclas keçirməlidir.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri var-gücləri ilə
ölkəni müdafiə edəcək. Bu savaş İrana tətbiq olunan savaşdır.
“Beynəlxalq ictimaiyyət İrana hərbi hücumlara reaksiya vermədiyi
halda bütün beynəlxalq qurumların sonunun başlanğıcı olacaq”, –
deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.


