
Bakı. Trend:
İran hər zaman müzakirəyə hazır olduğu kimi, özünü müdafiə
etməyə də hər zaman hazırdır.
Trend-in
məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat
yayıb.
Bəyanata əsasən, İran silahlı qüvvələri var-gücü ilə edilən
hücumlara cavab verəcək.
Bəyanatda bildirilir ki, İsrail və ABŞ-nin İrana hərbi hava
hücumları BMT nizamnaməsinin açıq-aşkar şəkildə pozulması və İrana
açıq-aşkar silahlı hücumdur. İran bu hücumlara cavab olaraq BMT
nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq var-gücündən və
imkanlarında istifadə edərək hücumların qarşısını alacaq.
Bəyanatda qeyd olunur ki, İran beynləxalq sülh və
təhlükəsizliyin pozulması ilə əlaqədar BMT və BMT Təhlükəsizlik
Şurasının öz vəzifəsini yerinə yetirməsini istəyir.
“BMT-yə üzv bütün ölkələr, xüsusilə region və müsəlman ölkələri,
Qoşulmama Hərəkatına üzv ölkələr və beynəlxalq sülhlə əlaqədar
məsuliyyət hiss edən ölkələrdən bu hücumlara reaksiya vermələri
region və dünyada sülhün qorunması istiqamətində addım atmaları
gözlənilir”, – bəyanatda vurğulanır.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.


