Xocalı Memorial Kompleksi şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın rəmzidir – Deputat

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən Xocalı Memorial Kompleksinin
açılışının edilməsi xalqımızın tarixi yaddaşında mühüm və əlamətdar
hadisə kimi qalacaq. Bu möhtəşəm kompleks təkcə bir memarlıq
abidəsi deyil, həm də milli qürurumuzun, ədalətə inamımızın və
şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın rəmzidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.

Onun sözlərinə görə, 1992-ci ilin fevralında Ermənistan silahlı
qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı insanlıq tarixinin
ən qanlı faciələrindən biri kimi yaddaşlara həkk olunub:

“Günahsız qadınların, uşaqların və qocaların amansızcasına qətlə
yetirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması
idi. Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının
açılışındakı çıxışında qeyd etdi ki, Azərbaycan xalqı üçün bu, ən
böyük faciədir. Xocalı soyqırımı təkcə bir şəhərin sakinlərinə
qarşı törədilmiş cinayət deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş
vəhşilik aktıdır. Məhz buna görə də Xocalı həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, beynəlxalq müstəvidə ədalətin təmin
olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran ən
mühüm vəzifələrdən biri olub. Ötən illər ərzində həm Azərbaycan
dövləti, həm Milli Məclis, həm də çoxsaylı ictimai təşkilatlar və
qeyri-hökumət qurumları bu istiqamətdə ardıcıl və sistemli
fəaliyyət göstəriblər. Xarici ölkələrdə keçirilən tədbirlər,
beynəlxalq konfranslar, parlament dinləmələri, sərgilər və anım
mərasimləri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol
oynayıb”.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Xocalı
həqiqətlərinin dünyaya çatdırılmasında çox mühüm işlər görmüş
Heydər Əliyev Fondunun fəaliyyətindən də bəhs edib:

“Heydər Əliyev Fondu yarandığı ilk dövrlərdən etibarən Xocalı
həqiqətlərinin təbliğini prioritet istiqamətlərdən biri kimi
müəyyənləşdirib. Fondun təşəbbüsü ilə müxtəlif dillərdə nəşrlər
hazırlanıb, sənədli filmlər çəkilib, dünyanın nüfuzlu
paytaxtlarında genişmiqyaslı təqdimatlar keçirilib. Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan
“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası artıq
qlobal miqyas alıb. Son 20 il ərzində bu təşəbbüs çərçivəsində
dünyanın müxtəlif ölkələrində simpoziumlar, konfranslar, dəyirmi
masalar və sərgilər təşkil edilib, çoxsaylı kitablar, broşürlər və
bukletlər nəşr olunub. Kampaniya yalnız faciə haqqında məlumat
verməklə kifayətlənməyib, həm də beynəlxalq hüquq və ədalət
prinsiplərinə əsaslanan hüquqi-siyasi qiymətin formalaşdırılmasına
xidmət edib. Çünki həmin dövrdə Ermənistan dövləti və xaricdəki
erməni lobbi dairələri bu qanlı faciəni ört-basdır etməyə, hətta
təhrif edərək Azərbaycanı ittiham etməyə çalışırdılar. Məqsəd
informasiya manipulyasiyası yolu ilə beynəlxalq ictimai rəyi
çaşdırmaq, həqiqətləri gizlətmək idi. Əgər Azərbaycan dövləti və
vətəndaş cəmiyyəti öz haqq səsini ucaldaraq sistemli fəaliyyət
göstərməsəydi, bu gün dünya ictimaiyyətində Xocalı ilə bağlı
obyektiv və faktlara əsaslanan təsəvvür formalaşmaya bilərdi. Məhz
ardıcıl və prinsipial səylər nəticəsində artıq 20-yə yaxın ölkə
Xocalı soyqırımını rəsmən tanıyıb. Bir sıra ölkələrin parlamentləri
müvafiq qətnamələr qəbul etmiş, beynəlxalq təşkilatlarda bu məsələ
ilə bağlı müzakirələr aparılıb. Bu proses davamlı xarakter daşıyır
və Azərbaycan dövləti bundan sonra da həqiqətlərin beynəlxalq
müstəvidə tanıdılması istiqamətində fəaliyyətini
gücləndirəcək”.

S.Salmanova həmçinin qeyd edib ki, dövlət başçısı çıxışında
Xocalı Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz
ruhunun, sarsılmaz iradəsinin və tarixi yaddaşına sədaqətinin
görüldüyünü bildirib:

“Bu məkan təkcə bir abidə deyil, həm də xalqımızın yaşadığı
ağrıların, çəkdiyi iztirabların və göstərdiyi qəhrəmanlığın
rəmzidir. 30 il ərzində ədalətsizliklə, ikili standartlarla,
beynəlxalq səviyyədə biganə münasibətlə üzləşən xalqımız öz
mənliyini qorudu, ləyaqətini saxladı, milli kimliyini və inamını
itirmədi. Bu illər ərzində Azərbaycan xalqı böyük səbr və təmkin
nümayiş etdirdi, eyni zamanda güc topladı, birliyini daha da
möhkəmləndirdi. Biz tariximizi unutmadıq, amma eyni zamanda
gələcəyə inamla baxmağı bacardıq. 2020-ci ildə baş vermiş 44 günlük
Vətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabr ayının 19–20-də
həyata keçirilmiş lokal antiterror tədbirləri ilə ölkəmizin
suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Prezident
İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti
və xalqımızın sarsılmaz birliyi nəticəsində qazandığımız bu tarixi
Zəfər Xocalı qurbanlarının qanının yerdə qalmadığını, ədalətin
bərqərar olduğunu bir daha nümayiş etdirdi. Bu gün azad edilmiş
torpaqlarımızda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və
quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıdışı ardıcıl şəkildə təmin olunur. Bütün bunlar
Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinin, dövlətimizin
qüdrətinin, xalqımızın birliyinin və ədalətin təntənəsinin bariz
ifadəsidir”.