
Oxuma vaxtı: 1 dəq
Prezidenti Donald Tramp ABŞ-ın İrana hücumda iştirakını təsdiqləyib.
O, sosial media platforması olan Truth Social-da səkkiz dəqiqəlik video paylaşaraq ABŞ-ın İrana hücumda iştirak etdiyini bildirib.
Bundan əvvəl İsrail İrana qarşı “qabaqlayıcı hücum” adlandırdığı əməliyyata başladığını açıqlamışdı.
Bu səhər verdiyi açıqlamada İsrail müdafiə naziri İsrael Katz bütün İsrail ərazisində “xüsusi və daimi fövqəladə vəziyyət” elan edib.
İran mediasının məlumatına görə, Tehranın mərkəzində üç partlayış səsi eşidilib.
Fars Xəbər Agentliyi İran paytaxtının Respublika bölgəsinə bir neçə raketin düşdüyü barədə məlumat aldığını bildirir.
İsrail mediasında yer alan xəbərlərə görə, şənbə günü səhər İrana hücumdan sonra İsrail hava məkanını mülki uçuşlar üçün bağlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Tasnim Xəbər Agentliyi İranın hava məkanının da bağlandığını bildirir.
Xəbər yenilənir.
İsrail boyunca sirenlər çalındı
Hugo Bachega
Yaxın Şərq müxbiri, Yerusəlim
İsrailin müxtəlif bölgələrində yerli vaxtla saat 08:15-də (GMT 06:15) sirenlər çalındı və əhaliyə mümkün raket hücumu təhlükəsi barədə xəbərdarlıq edildi.
İsrailin hücumları ABŞ və İran rəsmiləri arasında İranın nüvə proqramını məhdudlaşdırmaq və müharibənin qarşısını almaq üçün aparılan diplomatik danışıqlar fonunda baş verir. Danışıqların gələn həftə də davam edəcəyi gözlənilirdi.
İran danışıqlarda müəyyən güzəştlərə getmişdi, lakin əvvəllər İranı təzyiq altında sazişi qəbul etməyə məcbur etmək üçün hücumla hədələyən ABŞ Prezidenti Donald Tramp dünən müzakirələrin gedişindən “məmnun olmadığını” bildirdi.
Tramp 2003-cü ildəki ABŞ-ın İraq işğalından bəri Yaxın Şərqdə ən böyük hərbi qüvvə toplanmasını əmr edib, lakin niyə indi hərbi əməliyyata ehtiyac ola biləcəyini izah etməkdə az şey deyib. İran isə hücuma güclə cavab verəcəyini bəyan edib.
İsrailin müdafiə naziri İsrail Kats “önləyici zərbə”nin “İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq” üçün edildiyini söyləyib.
Ötən ilin iyununda İsrail İrana hücum etmiş, nəticədə 12 günlük müharibə başlamışdı. ABŞ sonradan İsrailə qoşularaq İranın nüvə obyektlərini hədəfə almışdı.
Son vaxtlar İsrailin Baş naziri Benyamin Netanyahu İranın ballistik raketlərinin ölkəsinə yaratdığı təhlükə barədə xəbərdarlıq etmiş və yalnız nüvə proqramına fokuslanan sazişə qarşı olduğunu bildirmişdi.
İran isə ballistik raket proqramına məhdudiyyət qoyulmasını və bölgədəki müttəfiqlərinə – Qəzzada Həmas, Livanda Hizbullah, İraqdakı milislər və Yəməndə Husilər – dəstəyini dayandırmasını müzakirə etməyi rədd etmiş, bu tələbləri suverenliyinə müdaxilə adlandırmışdı.


