Varşavada “Nabat” filmi nümayiş olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının
ildönümünə həsr olunan anım tədbiri təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının
təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı
yerli ictimaiyyət nümayəndələri də iştirak edib.

Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətinin
üzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalı
soyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalı
faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər bir
azərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanların
xatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvi
dəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.

Daha sonra Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi
nümayiş olunub. Film müharibənin insan talelərində buraxdığı dərin
izləri, doğma torpaqlardan didərgin düşməyin ağrısını və ana
obrazının timsalında xalqın mənəvi dözümünü təsirli şəkildə əks
etdirib. Ekran əsəri izləyicilərdə kövrək duyğular oyadıb.




Tədbirdə Xocalı dəhşətlərini əks etdirən foto-sərgi də nümayiş
olunub. Dağıdılmış evlər, itirilmiş ailələr, əzab çəkmiş uşaqlar və
yaşlı insanlar, eləcə də şəhərin viran qalmış küçələri
iştirakçıların diqqətini çəkib. Eyni zamanda sərgi Xocalı
soyqırımının beynəlxalq miqyasda tanınmasının vacibliyini
vurğulayan mesaj verib.

Anım tədbirinin təşkilatçılar Varşava Azərbaycan Evinin media
departamentinə müsahibələr verib. Müsahibələrdə tarixi həqiqətlərin
unudulmaması, insanlıq dəyərlərinin qorunması və gənc nəsillərin
mənəvi tərbiyəsi üçün bu kimi tədbirlərin önəmi vurğulanıb.

Qeyd edək ki, Varşava Azərbaycan Evi mütəmadi olaraq Xocalı
soyqırımı ilə bağlı anım mərasimləri, konfranslar və ictimai
maarifləndirmə layihələri həyata keçirir. Bu təşəbbüslər
iştirakçılarda dərin emosional təsir yaratmaqla yanaşı, tarixi
həqiqətlərin gələcək nəsillərə ötürülməsi və humanitar dəyərlərin
təşviqi üçün mühüm platforma rolunu da oynayır.