
Bakı. Trend:
Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət
hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin
ödənilməsi ilə bağlı hallara dair izah verib.
Trend xəbər
verir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr
2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən
irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın
şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan
edən hallar aydınlaşdırılıb.
Bildirilib ki, atalığı mübahisələndirən şəxsin öz övladı kimi
qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və
tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının
müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla
yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin
alçaldılmasına da səbəb ola bilər.
Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin
qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar
əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq
arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət
hüquqlarının pozulmasına səbəb ola bilər.
Qeyd edək ki, cinayət işi açılıb açılmamasından asılı olmayaraq
sirr təşkil edən məlumatların yayılmasına görə tərəf mülki qaydada
tələb irəli sürə bilər.
Sirr hesab edilməsə də, tərəfin razılığı olmadan yayılan
məlumatlarla bağlı cinayət məsuliyyəti yaranmır, lakin tərəf mülki
qaydada iddia qaldıra bilər.
İddia şəxsiyyət hüququnun müdafiəsi və mənəvi zərərlə bağlı
qaldırılır.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə
Plenumunun Qərarı yalnız mülki qaydada vahid məhkəmə təcrübəsinin
tənzimlənməsi üçündür. Orada yazılan hüquqazidd əməllər, qadağalar
və məsuliyyət mülkidir.


