İran silah dərəcəli uran saxlamamağa razıdır – Oman XİN

Baş səhifə

Bakı. Trend:

İran hakimiyyəti nüvə silahı yaratmaq üçün yararlı olan
zənginləşdirilmiş uranı öz ərazisində saxlamamağa razılıq
verib.

Trend-in
məlumatına görə, bu barədə əvvəllər Vaşinqton və Tehran arasında
danışıqlarda vasitəçi kimi çıxış etmiş Omanın xarici işlər naziri
Bədr əl-Busaidi ABŞ-nin “CBS” televiziya kanalına verdiyi
müsahibədə bildirib.




“Hesab edirəm ki, ən vacib nailiyyət İranın heç vaxt bomba
hazırlamaq üçün nüvə materialına sahib olmayacağı barədə razılığın
əldə olunmasıdır”, – deyə o qeyd edib.

“Bu, [ABŞ-ın 44-cü] prezidenti Barak Obamanın dövründə əldə
edilmiş köhnə [İran nüvə sazişində] olmayan bir şeydir. Bu,
tamamilə yeni bir şeydir”, – deyə o əlavə edib. “Bu, zənginləşdirmə
arqumentini daha az aktual edir, çünki indi sıfır ehtiyatdan
danışırıq. Və bu, çox, çox vacibdir, çünki zənginləşdirilmiş
materialı saxlaya bilmirsinizsə,
zənginləşdirib-zənginləşdirməməyinizdən asılı olmayaraq, bomba
düzəldə bilməzsiniz”, – deyə o vurğulayıb.