Sərsəng su anbarında 16 milyon manatlıq təmir işlərinə başlanılır

Baş səhifə

Bakı. Trend:

Sərsəng su anbarında təmir və bərpa işlərinə başlanılır.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, qurum su anbarında təmir və bərpa işlərini “Hidro
İnşaat Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və
müqavilə imzalayıb.




Müqaviləyə əsasən, sözügedən işlərin icrası 15,973 milyon manata
başa gələcək.

Qeyd edək ki, bir müddət əvvəl Tikilməkdə Olan Obyektlərin
Müdiriyyəti Sərsəng su anbarında təmir işləri ilə bağlı tender
elan etmişdi.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan
Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan
su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin
hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su
anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və
Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi
suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su
elektrik stansiyası tikilib.