
Bakı. Trend:
Almaniyanın “Skylance” şirkəti Nürnberqdə keçirilən müdafiə
sərgisində pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulan
“DroneHammer” adlı yeni müdafiə sistemini təqdim edib.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Şirkətin məlumatına görə, lazerlə idarə olunan müdafiə raketi
aşağı istehsal dəyəri və ətrafa minimal zərər riskinin olması ilə
seçilir. Təxminən 2 500 avro dəyərində olan raketin uçuş məsafəsi 2
kilometrə qədərdir və çəkisi bir kiloqramdan azdır.
Sistem hədəfləri klassik başlıqlar vasitəsilə deyil, proqram
alqoritmləri və görüntü emalı texnologiyaları ilə aşkar edir. Raket
hədəfə yaxın məsafədə partlayaraq yüksək konsentrasiyalı qəlpə
buludu vasitəsilə dronu sıradan çıxarır. Şirkət bu üsulun
effektivliyinin 99 faiz olduğunu bildirir.
“DroneHammer” layihəsi “Skylance”, xüsusi texnika istehsalçısı “Mosolf” və zirehli nəqliyyat vasitələri üzrə ixtisaslaşmış “Stoof
International” şirkətlərinin əməkdaşlığı nəticəsində ərsəyə
gəlib.
Yeni sistemin əsas məqsədi ucuz pilotsuz aparatların yaratdığı
asimmetrik təhlükələrə qarşı effektiv və iqtisadi həll təqdim
etməkdir. Kompleksin hüquq-mühafizə orqanları, sərhəd xidmətləri və
kritik infrastrukturun mühafizəsində istifadəsi nəzərdə
tutulur.
İlk seriya istehsalının 2026-cı ilin dördüncü rübündə başa
çatdırılması planlaşdırılır.


