
Bakı. Trend:
Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ
Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən
olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb.
Trend xəbər
verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü
zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində
təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlətimizin
başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa
hazır olduğunu vurğulayıb.
Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın COP29 çərçivəsində təşkilati-logistika, substantiv və
kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin
COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.
Gedion Timotevos Hessebon Azərbaycanın COP29-u yüksək səviyyədə
təşkil etdiyini, zəngin irs yaratdığını qeyd edib. Nazir
Efiopiyanın Azərbaycanla COP32 çərçivəsində əməkdaşlıqda maraqlı
olduğunu bildirib və ölkəmizin bu istiqamətdə Efiopiyaya
təşkilati-logistika və substantiv dəstəyini yüksək
qiymətləndirib.
Görüşdə, Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana
səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında
imzalanmış “BMT-nin İqlim Konfransının 32-ci sessiyasının (COP32)
təşkili ilə bağlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun
əhəmiyyəti vurğulanıb.
Həmçinin 2026-cı ildə ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar fikir
mübadiləsi aparılıb.


