“Təməl” mükafatı üçün 890 layihə nəzərdən keçirilib, 82-si münsiflər heyətinin müzakirəsinə təqdim olunub – Sədr müavini

Baş səhifə

Bakı. Trend:

“Təməl” Memarlıq Mükafatı üçün ümumilikdə 890 layihə nəzərdən
keçirilib. Həmin layihələrdən 82-si münsiflər heyətinin
müzakirəsinə təqdim olunub.

Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arixtektura Komitəsinin sədr
müavini, müsabiqənin münsiflər heyətinin sədri İlqar İsbatov
Komitənin təşkilatçılığı ilə keçirilən “Təməl” Memarlıq Mükafatının
təqdimetmə mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında
deyib.

Sədr müavininin sözlərinə görə, 6 nominasiya üzrə qiymətləndirmə
aparılıb və qaliblər müəyyən edilib:

1. Yaşayış komplekslərinin memarlığı

2. İctimai binaların memarlığı

3. Nəqliyyat, sənaye, rabitə və mühəndis qurğuları




4. Mədəniyyət və dini obyektlərin memarlığı

5. Binaların bərpası və yenidən qurulması

6. İctimai məkanlar və landşaft memarlığı

Komitə rəsmisi əlavə edib ki, qalib layihələr bu il keçiriləcək
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində də nümayiş olunacaq. Forum zamanı tematik
pavilyonlarda seçilmiş layihələr təqdim ediləcək və geniş
auditoriyaya tanıdılacaq.

Qeyd edək ki, sözügedən mükafat ilk dəfə 2023-cü ildə qaliblərə
təqdim edilib. Tədbirin uğurlu təşkili nəzərə alınaraq onun hər il
keçirilməsi qərara alınıb. 2024-cü ilin yekunlarına görə
mükafatlandırma 2025-ci ilin fevral ayında baş tutub və proses
şəffaf şəkildə həyata keçirilib. Cari ildə isə 2025-ci ilin
layihələri üzrə növbəti mükafatlandırma mərasimi təşkil olunur.