Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirinin
müavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.

Trend bu barədə
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıq
münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi
dialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksək
səviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Bu
çərçivədə, ötən il Prezident İlham Əliyevin Türkmənistana,
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun
Azərbaycana səfərləri və əldə olunmuş nəticələr məmnunluqla
xatırlanıb.

Görüş zamanı, Azərbaycan və Türkmənistan arasında mövcud olan
strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə uyğun olaraq,
ticarət-iqtisadiyyat, enerji, nəqliyyat və logistika, o cümlədən
Xəzər dənizində əməkdaşlıq, humanitar və mədəniyyət sahələrində
əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib və
perspektivləri müzakirə edilib.

Bu çərçivədə, Azərbaycan və Türkmənistan arasında iqtisadi və
humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Ötən il Türkmənistanın Azərbaycanda, bu il isə Azərbaycanın
Türkmənistanda mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti qeyd
olunub, bununla yanaşı, xalçaçılıq və atçılıq kimi ortaq
dəyərlərimizin təbliğatının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual
məsələləri üzrə fikir mübadiləsi aparılıb, çoxtərəfli platformalar
çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti
vurğulanıb.

Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və
qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan
arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf
edəcəyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli
və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Türkmənistan Xarici İşlər
Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr
keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər
nazirinin müavini Samir Şərifov, Türkmənistan tərəfindən isə xarici
işlər nazirinin müavini Ahmet Qurbanov başçılıq edib.