
Bakı. Trend:
Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl
enerji” dəhlizinə qoşulmaq niyyətindədir.
Trend xəbər verir
ki, bu haqda Azərbaycanın Energetika nazirliyinin 2025-ci ildə
görülmüş işlərə dair hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, 04.04.2025-ci il tarixində Bakıda
keçirilmiş layihə üzrə 2-ci nazirlər iclası zamanı “Azərbaycan
Respublikasının Energetika Nazirliyi, Bolqarıstan Respublikasının
Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər
Nazirliyi arasında “yaşıl elektrik enerjisi”nin ötürülməsi və
ticarətinə dair Anlaşma Memorandumu” imzalanıb və layihə üzrə
görüləcək işlərə dair qrafik təsdiqlənib.
“Rumıniya tərəfi sözügedən layihəyə qoşulmaq istəyini bildirib.
Bununla əlaqədar, 2025-ci ilin 4 aprel tarixində imzalanmış Anlaşma
Memorandumuna dəyişikliyə dair Türkiyə tərəfindən protokol layihəsi
hazırlanıb. Protokol layihəsi tərəflər arasında baxılmaqdadır.
Türkiyə tərəfindən hazırlanmış layihənin texniki tapşırıqlar
sənədinin (TOR) layihəsi tərəflər arasında razılaşdırılmaqdadır”,
-deyə hesabatda vurğulanır.


