“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin mobil klinikaları Ağdamda əhaliyə tibbi xidmət göstərib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan
azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif
xəstəliklərin erkən aşkarlanması, əhalinin kompleks müayinələrdən
keçirilməsi, tibbi konsultasiyaların verilməsi və ümumi sağlamlıq
vəziyyətinin yaxşılaşdırılması məqsədilə sistemli tədbirləri davam
etdirir.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə aksiya 27
fevral tarixində Ağdam rayonunda baş tutub. Tədbir zamanı Səhiyyə
Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ)
ixtisaslaşmış tibb heyəti tərəfindən rayon sakinlərinə yüksək
səviyyəli tibbi xidmətlər göstərilib.




Aksiyanın əsas məqsədləri işğaldan azad edilmiş ərazilərdə
məskunlaşan əhali üçün müntəzəm səyyar tibbi müayinələr təşkil
etməklə sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, ağciyər
xəstəliklərinin erkən diaqnostikası və profilaktikası sahəsində
əhalini maarifləndirmək, yerli sakinlərə dəstək və peşəkar tibbi
yardım göstərməkdir.
Müayinələr İnstitutun xüsusi təchiz olunmuş səyyar klinikasında
aparılıb. Modul avadanlıq konsepsiyasına əsaslanan bu mobil
klinikalar tam diaqnostik avadanlıq dəsti ilə təchiz olunub və
ucqar ərazilərdə belə keyfiyyətli tibbi xidmətin əlçatanlığını
təmin edir.

Aksiya çərçivəsində ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq,
kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya
mütəxəssisləri tərəfindən ağciyərin flüoroqrafiyası və roentgen,
Elektrokardioqrafiya (EKG), Exokardioqrafiya (ürəyin USM), ümumi
ultrasəs müayinəsi (USM), Spirometriya (nəfəs funksiyasının
qiymətləndirilməsi) müayinələri, mantu sınağı və arterial qan
qazlarının tərkibinin təhlili aparılıb.
Müayinə nəticələrində sağlamlıq problemi aşkarlanan şəxslərə dərhal
tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə sxemləri təyin
olunub və lazımi ixtisas həkimlərinə yönləndirmə aparılıb.
Aksiyada 230-dan çox Ağdam sakini müayinədən keçib. Eyni zamanda,
iştirakçılara ağciyər xəstəliklərinin risk faktorları, simptomları,
erkən aşkarlanmanın əhəmiyyəti və profilaktik tədbirlər (siqaret
çəkməmək, tozlu mühitdən qorunmaq, vaxtında peyvəndlənmə və s.)
barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş
digər rayon və şəhərlərdə də bu cür səyyar müayinə və
maarifləndirmə aksiyalarının davam etdirilməsi planlaşdırılır. Belə
tədbirlər əhalinin sağlamlığını qorumaq və tibbi xidmətləri ən uzaq
kəndlərə qədər çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.