Etibarlı aşağıkarbonlu enerji sistemlərinin qurulması qarşıdakı on il ərzində CAREC ölkələri üçün həlledici əhəmiyyət kəsb edəcək

Baş səhifə

Bakı. Trend:

Qarşıdakı onillik ərzində qlobal iqlim məqsədlərinə və dayanıqlı
inkişaf prioritetlərinə uyğun etibarlı aşağıkarbonlu enerji
sistemlərinin qurulması Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq
Proqramına (CAREC) üzv ölkələr üçün həlledici əhəmiyyət kəsb
edəcək.

Bu barədə Trend
“CAREC İnstitute”a istinadən xəbər verir.

Qeyd edək ki, CAREC proqramı iqtisadi artımın sürətləndirilməsi
və yoxsulluğun azaldılması məqsədilə əməkdaşlıq edən 11 ölkə və
inkişaf tərəfdaşını birləşdirir. CAREC-ə üzv ölkələr bunlardır:
Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan.

“CAREC ölkələrinin enerji siyasəti və inkişaf planları “yaşıl”
keçid prosesi ilə sıx bağlıdır. Lakin praktikada bu ölkələrin
əksəriyyəti enerji tələbatının ödənilməsi üçün hələ də əsasən fosil
yanacaqlardan asılıdır”. Bununla yanaşı, iqlim dəyişikliyi ilə
bağlı artan təzyiqlər bərpa olunan enerji mənbələrinin tətbiqini
sürətləndirir.




Region üzrə “yaşıl” keçid sahəsində irəliləyiş səviyyəsi fərqli
olsa da, CAREC ölkələri mərhələli şəkildə daha təmiz enerji
sistemlərinə doğru irəliləyir.

Hesabatda vurğulanır ki, “yaşıl” keçid istiqamətində səylər hələ
də qeyri-bərabərdir və sistem xarakterli problemlərlə məhdudlaşır.
Türkmənistan və Əfqanıstan kimi ölkələr əhəmiyyətli beynəlxalq
dəstəyə və daxili institusional islahatlara ehtiyac duyduğu halda,
Qazaxıstan, Özbəkistan və Monqolustan enerji portfellərinin
şaxələndirilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə
ediblər.

“Zəngin hidroenerji resurslarına malik ölkələr aşağıkarbonlu
inkişaf üçün əlverişli mövqedə olsalar da, iqlim risklərinə qarşı
həssas olaraq qalırlar. Eyni zamanda, fosil yanacaq ixrac edən
ölkələr dekarbonizasiya ilə karbohidrogenlərdən iqtisadi asılılıq
arasında çətin seçim qarşısında qalır”, – deyə CAREC İnstitutu
vurğulayır.

Hesabatın yekununda bildirilir ki, siyasətlərin
koordinasiyasının gücləndirilməsi, investisiyaların səfərbər
olunması, texnologiya transferinin təşviqi və inklüziv enerji
planlaşdırmasının tətbiqi regionun enerji sisteminin uğurlu
transformasiyası üçün həlledici əhəmiyyət daşıyır.