Bakı. Trend:
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.
Trend xəbər
verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika
fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Məlumata görə, bu, tam Ay tutulması olacaq. Yer kürəsinin
kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq.
Bu hadisə “qanlı Ay” effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer
atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay
səthinə çatmasıdır.
Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və
kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması
başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə
daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.
Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44:25-də, qismən Ay
tutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-da
başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın
maksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma,
saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Ay
tutulması sona çatacaq.
Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu
tutulma 31 dekabr 2028 – 1 yanvar 2029-cu ildə baş verəcək “Qanlı
Ay” tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulma
prosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycan
ərazisindən müşahidə olunmayacaq.

