
Cenevrədə danışıqlar ikitərəfli və üçtərəfli formatlarda – Ukrayna və Amerika nümayəndə heyətləri arasında, eləcə də İsveçrənin iştirakı ilə keçirilib.
“Report”un məlumatına görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, danışıqlar qrupunun rəhbəri Rüstəm Umerov bunu özünün teleqram kanalında açıqlayıb.
“Ukrayna üçün iqtisadi bloka və uzunmüddətli dəstək mexanizmlərinə xüsusi diqqət yönəldilib. Hökumətin iqtisadi qrupu, xüsusən (Ukraynanın iqtisadiyyat naziri – red.) Aleksey Sobolev və amerikalı tərəfdaşlarımızla birlikdə Ukraynanın bərpası ilə bağlı sənədi hərtərəfli hazırladıq”, – o qeyd edib.
Umerovun sözlərinə görə, Amerika və Ukrayna qrupları sənəd üzərində, xüsusən gələcək bərpa və investisiya planı ilə bağlı daha ətraflı iş aparmaq barədə razılığa gəliblər.
O, həmçinin qeyd edib ki, danışıqların növbəti mərhələsi üçün hazırlıqlar gedir: “Təhlükəsizlik parametrlərini, iqtisadi qərarları və razılaşdırılmış mövqeləri yekunlaşdırmaq üzərində işləyirik ki, bunlar da gələcək razılaşmalar üçün əsas təşkil etməlidir. Məqsəd ABŞ və Rusiyanın iştirak etdiyi növbəti üçtərəfli görüşü mümkün qədər məzmunlu etməkdir”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


