Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Baş səhifə

Moskvada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

APA-nın Moskva müxbiri xəbər elə ki, tədbir Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə diplomatik korpusun nümayəndələri, rusiyalı elm və mədəniyyət xadimləri, eləcə də Moskva və Rusiyanın digər bölgələrindəki Azərbaycan icmasının üzvləri və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.

İştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan səfirliyində yerləşən büstü önünə, eləcə də Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə stendinə gül dəstələri qoyublar. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev Xocalı soyqırımı haqqında danışaraq onu Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri kimi xarakterizə edib.

Diplomat vurğulayıb ki, uzun illər beynəlxalq ictimaiyyət faciə haqqında tam məlumata malik olmayıb: “Məhz bu səbəbdən beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaq və dünya parlamentlərinin bu hadisələrə siyasi və hüquqi qiymət verməsini təmin etmək üçün 2008-ci ilin may ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası başlanıb. Bu kampaniyanın nəticəsi olaraq, 2010-cu ildən 2024-cü ilə qədər 18 ölkənin parlamenti bu hadisələri “kütləvi qırğın” və “bəşəriyyətə qarşı cinayət” kimi pisləyib.

Bu kampaniyanın davam etdirilməsinin zəruriliyi və əhəmiyyətindən danışan Rəhman Mustafayev Azərbaycanın sülhsevər mövqeyini xüsusi vurğulayıb: “Azərbaycan xalqı qisas hissi ilə yaşamır. Əksinə, biz Ermənistanla sülhə sadiqik və buna nail olmaq üçün səy göstəririk. Xarici siyasətimizin əsas məqsədi Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaqdır”.

Səfir qeyd edib ki, bu gün Xocalı faciəsi qurbanlarının anım günü regionda sülhə doğru real addımların atıldığı bir vaxtda qeyd olunur: “Azərbaycan və Ermənistan bir-birinə doğru cəsarətli addımlar atırlar. İki ölkə arasında sülh müqaviləsi 8 avqustda Vaşinqtonda paraflanıb və ümid edirik ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra bu müqavilə imzalanacaq”.

R. Mustafayev xatırladıb ki, 2023-cü ilin sentyabrında antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyi bütün Qarabağ regionunda tam bərpa olunub. Həmin ərazilərdə genişmiqyaslı tikinti işləri fəal şəkildə davam etdirilir.

Qeyd edilib ki, Azərbaycana dost olan Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistan da daxil olmaqla ölkələr həmrəylik nümayiş etdirərək regionda sosial infrastruktur obyektləri – məktəblər, uşaq bağçaları və kiçik və orta sahibkarlıq obyektləri tikirlər.

Səfir Rusiyanın Həştərxan vilayətinin Qubadlı rayonunda infrastrukturun bərpasına dəstək verdiyini, rayonun Mahruzlu kəndində 80 yerlik uşaq bağçası tikildiyini xatırladıb.

R. Mustafayev çıxışında azad edilmiş ərazilərdə minaların təmizlənməsi kimi humanitar məsələyə xüsusi diqqət yetirib.

Səfirin sözlərinə görə, Azərbaycan dünyanın ən çox mina ilə çirklənmiş ölkələri arasındadır. “Ermənistan ordusu tərəfindən Qarabağda və qonşu rayonlarda bir milyondan çox mina yerləşdirilib ki, bu da ölkə ərazisinin 13 faizini təşkil edir.

Bu günə qədər çirklənmiş ərazilərin 20 faizindən bir qədər çoxu təmizlənib və 63 min mina zərərsizləşdirilib”, – deyə diplomat bildirib və əlavə edib ki, Qarabağ regionunda sülh və bərpa, eləcə də məcburi köçkünlərin geri qayıtması Azərbaycan Minalardan Təmizləmə Agentliyinin (ANAMA) gördüyü mühüm işlər olmadan mümkün olmazdı..

Çıxışının sonunda Azərbaycan diplomatik missiyasının rəhbəri qonaqlara Xocalı soyqırımı qurbanlarının xatirəsinə hörmətlərinə və tədbirdə iştiraklarına görə təşəkkür edib.

Daha sonra Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin magistr tələbəsi Adil Ələkbərov və Moskva Dövlət Pedaqoji Universitetinin bakalavr tələbəsi Rəfiqə Nizamzadə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Rusiyadakı Azərbaycan tələbələrinin maarifləndirmə fəaliyyətlərindən danışıblar.

Şairə, Rusiyanın Qızıl Qələmi mükafatı laureatı Emiliya Dementsova-Rəsulova “Xocalı” şeirini oxuyub.

Rəsmi hissədən sonra Xocalı faciəsinin hadisələrini əks etdirən sənədli film, eləcə də tanınmış Azərbaycan rejissoru və ssenaristi Murad İbrahimbəyovun Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin fəaliyyətinə həsr olunmuş yeni “ANAMA” sənədli filminin qısaldılmış versiyası nümayiş etdirilib.

Tədbir zamanı qonaqlar Xocalı soyqırımı ilə bağlı kitablara və fotosərgiyə də baxıblar.