
Fransa hökumətində bir sıra dəyişikliklər baş verib, Xarici İşlər Nazirliyi (XİN) və güc strukturlarındakı əsas vəzifələr dəyişməz qalacaq.
“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Çərşənbə günü mədəniyyət naziri Raşida Datinin martda Paris meri vəzifəsi uğrunda mübarizə aparmaq niyyəti ilə istefaya getdiyinin elan edilməsindən sonra onun yerinə Versal saray kompleksinin keçmiş direktoru Katrin Peqar təyin olunub. Peqar peşəkar karyerasının böyük hissəsini siyasi jurnalistikaya həsr edib, 2007-ci ildən 2011-ci ilə qədər Yelisey sarayında siyasi və mədəni müşavir vəzifəsində çalışıb. 2025-ci ilin sentyabrında yenidən Yelisey sarayına qayıdıb.
Hökumətin hazırkı rəsmi nümayəndəsi Mod Brejon yeni səlahiyyətlər alıb. O, bu vəzifəni energetikaya cavabdeh şəxs postu ilə birləşdirəcək. Fransa hökumətində dövlət hesablarına cavabdeh nazir vəzifəsinə David Amiel təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun Hesablama Palatası sədri vəzifəsinə təyin etdiyi Ameli de Monşalenin yerini tutub.
“Respublikaçılar” Partiyasından olan deputat Jan-Didye Berjer daxili işlər nazirliyində də təmsil olunacaq, onun səlahiyyətlərinin tam siyahısı dəqiqləşdirilməyib. 2024-cü ildə şəhərlərin işləri üzrə dövlət katibi vəzifəsini tutmuş Sabrina Aqresti-Rubaş indi təhsil və peşə hazırlığı məsələləri üzrə nazir vəzifəsini icra edəcək. Həmçinin muxtariyyət və məhdud imkanlı şəxslərə cavabdeh vəzifəsinə Kamiy Qayar-Minye təyin olunub.
Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və silahlı qüvvələrin rəhbərləri öz vəzifələrində qalıblar. Bildirilib ki, “Lekornu-2” adlanan hökumətdə kiçik düzəlişlər aparılıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


