
Daşkənd. Trend:
“Uzbekneftegaz” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
nümayəndələri Buxara neft emalı zavodunun səmərəliliyinin
artırılmasına yönəlmiş əməkdaşlığın genişləndirilməsini müzakirə
ediblər.
Trend bu barədə
“Uzbekneftegaz” ASC-yə istinadən xəbər verir.
Əməkdaşlıq məsələləri “Uzbekneftegaz” ASC-nin idarə heyətinin
sədri Abduqani Sanginovun SOCAR-ın törəmə strukturları – “SOCAR
Trading” və “SOCAR Downstream Management” rəhbərliyi ilə görüşü
zamanı nəzərdən keçirilib.
Tərəflər müasir əməliyyat həllərinin tətbiqi, istehsal
proseslərinin rəqəmsallaşdırılması, eləcə də müəssisənin enerji
səmərəliliyinin artırılması ilə bağlı təklifləri müzakirə ediblər.
Zavodun modernləşdirilməsi üzrə texniki auditin keçirilməsi və
praktik tövsiyələrin hazırlanması imkanlarına ayrıca diqqət
yetirilib.
Qeyd olunub ki, dövlət başçıları səviyyəsində dəstəklənən
Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq davamlı
şəkildə möhkəmlənir və bu, neft-qaz sektorunda əməkdaşlığın
genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Görüşün yekunlarına əsasən, tərəflər praktiki əməkdaşlığın davam
etdirilməsi barədə razılığa gəliblər. Həmçinin texniki təhlilin
aparılması və növbəti addımlarla bağlı konkret təkliflərin
hazırlanması məqsədilə Azərbaycan tərəfinin işçi qrupunun Buxara
neft emalı zavoduna səfərinin təşkili barədə razılıq əldə
olunub.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Uzbekneftegaz” və
SOCAR karbohidrogen sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Bu saziş Üstyurt platosunda geoloji tədqiqatlara, o cümlədən
seysmik kəşfiyyat işlərinə və karbohidrogen hasilatına hazırlıq
prosesinə start verib.
Bundan əlavə, 24 iyul 2025-ci il tarixində tərəflər məhsulun pay
bölgüsü haqqında saziş (PSA) imzalayıblar. Saziş yaxın 25 il
ərzində Özbəkistanın daxili neft tələbatının tam təmin edilməsini
nəzərdə tutur. Hasil edilən qaz da daxili bazara yönəldiləcək və
ölkə sənayesinin əlçatan və keyfiyyətli neft məhsulları ilə təmin
olunmasına xidmət edəcək.


