
Bakı.Trend:
Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı
paylaşım edib.
Trend həmin
paylaşımı təqdim edir:
“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini
dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ
Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən
səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini
anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək
nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha
xatırlayırıq”.
Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən
Xocalı soyqırımının törədilməsindən 34 il ötür.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal
və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış,
avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum
edərəkazərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər
törədib.
Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni
dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613
nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi
amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli
xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda
işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq
valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini
itirib. Bir çox girovun taleyi hələ də məlum deyil.
Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və
ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın
Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı,
Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də
azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi
Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə
nümayiş etdirir.


