
Bakı.Trend:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın
Qarabağ bölgəsinin Xocalı şəhərində baş verən qətliam yalnız
regional münaqişənin bir qanlı epizodu deyildi. Bu faciə həm də
sovet dövrünün dağılma prosesində ortaya çıxan hakimiyyət
çatışmazlığı və etnik qarşıdurmaların bəşəriyyət üçün nə qədər
təhlükəli ola biləcəyini göstərən həssas bir nümunə oldu”.
Bu sözləri Trend-ə açıqlamasında Xocalı Soyqırımı Günü
münasibətilə Milli Məclisinin deputatı Kamaləddin Qafarov
deyib.
Millət vəkili bildirib ki, 25 fevral gecəsi Ermənistan silahlı
qüvvələrinin, Qarabağdakı erməni silahlı dəstələrinin və keçmiş
sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum
planlaşdırıldı və həyata keçirildi. “Bu hücum nəticəsində 613 dinc
azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə
yetirildi, yüzlərlə insan ağır yaralandı və 1275 nəfər əsir
götürüldü. Onların arasında yüzlərlə insanın taleyi bu günə qədər
məlum deyil. Azərbaycan hökuməti və hüquq mühafizə orqanları
hücumun məqsədinin yalnız şəhəri ələ keçirmək olmadığını, eyni
zamanda etnik səbəblərlə dinc əhali üzərində zorakılıq siyasətinin
həyata keçirildiyini qeyd edir. Bu istiqamətdə Xocalı olayının
“soyqırımı” aktı kimi xarakterizə edilməsi ölkənin daxili
qanunvericiliyi və bir sıra beynəlxalq müqavilələr baxımından
əsaslandırılır.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki,
ermənilərin bütün bu vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi
və Azərbaycan bütün şəhidlərinin qanını düşməndən döyüş meydanında
aldı: “Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə insanlığa
qarşı cinayət və soyqırımı cinayəti kimi qiymətləndirilir.
Ermənistan silahlı qüvvələrinin hərəkətləri beynəlxalq
konvensiyalar — xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları,
Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması
Konvensiyası, Uşaq Hüquqları Konvensiyası kimi sənədlərlə ziddiyyət
təşkil edir. Bu sənədlərə görə mülki əhalinin məqsədyönlü şəkildə
hədəfə alınması və kütləvi qırğını insanlığa qarşı ən ağır hüquq
pozuntularından biri sayılır. Lakin xalqımıza qarşı törədilən bütün
bu vəhşiliklər düşməni öz əsas məqsədinə çatdıra bilmədi. Ölkə
Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu
planları alt-üst etdi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə
etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına
birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra, 2023-cü
ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror
tədbiri nəticəsində Xocalı şəhəri də Xankəndi, Ağdərə, Xocavənd
şəhərləri və digər qalan ərazilərimizlə birgə separatçılardan
birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını
şəxsən qaldıran möhtərəm dövlət başçımız Xocalı qətliamı
qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi. Bu gün
Xocalı soyqırımı kimi faciələr yalnız tarixi fakt kimi qalmaqla
kifayətlənməməli, eyni zamanda beynəlxalq hüquq, sülh və insan
hüquqları üçün qabaqlayıcı dərs kimi araşdırılmalıdır” .


