
Bakı. Trend:
Tarix boyu ermənilər tərəfindən dəfələrlə soyqırımı
cinayətlərinə məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə
1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə üzləşdi. Həmin gün
keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalını işğal
edən ermənilər şəhərin sakinlərinə qarşı kütləvi qətliam həyata
keçirdilər. 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qəddarlıqla
qətlə yetirildi, 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin
düşdü.
Yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı ən böyük
cinayətlərdən olan Xocalı qətliamının törədilməsindən bu gün 34 il
ötür. Bu hadisə ermənilərin Qarabağda həyata keçirdikləri etnik
təmizləmə siyasətinin növbəti qanlı mərhələsi idi. Şəhərin
sakinləri məhz milli mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına
görə qətlə yetirildilər.
Xocalıda baş verənlərin soyqırımı cinayəti kimi tövsif olunması
üçün kifayət qədər hüquqi əsaslar var. Belə ki, erməni silahlı
birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən mülki
azərbaycanlı əhali əvvəlcədən planlaşdırılmış şəkildə qətlə
yetiriliblər. Ən dəhşətlisi budur ki, həmin vaxt hətta yaşlılar və
uşaqlar da ən qəddar üsullarla öldürülüblər. Bu isə ermənilərin
Xocalıda törətdiyi müharibə cinayətinin kökündə məhz soyqırımı
niyyətlərinin dayandığını aydın göstərir.
Qeyd etmək lazımdır ki, Xocalı strateji baxımdan olduqca mühüm
coğrafi mövqedə yerləşir. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyinin
vəziyyəti düzgün qiymətləndirmək imkanlarından uzaq olması,
səhlənkarlığı, laqeydliyi və fəaliyyətsizliyi nəticə etibarilə
şəhəri düşmən qarşısında müdafiəsiz qoydu və işğal edilməsinə
gətirib çıxardı. Şəhərin işğalı ermənilərə Qarabağda sonrakı
təcavüzkar planlarını həyata keçirə bilmələri üçün əlverişli
imkanlar yaratdı. Şəhərdə amansız soyqırımını törətməklə isə
ermənilər Azərbaycan xalqının gözünü qorxutmaq, onun iradəsini
sındırmaq məqsədi güdüblər. Xocalı cəlladı S.Sarkisyanın vaxtilə
müsahibəsində “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki,
bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər
dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq” deməsi də
bunu təsdiq edir.
Xocalı soyqırımının baş verməsindən sonra qarşıda duran əsas
vəzifələr faciənin beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət alması
və tanıdılması olmuşdur. Bu istiqamətdə məqsədyönlü və koordinasiya
olunmuş fəaliyyətin əsası Ümummilli Lider Heydər Əliyevin
respublikamıza rəhbərlik etməyə başlamasından sonra qoyulub. Ulu
Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il
fevralın 24-də qəbul etdiyi “Xocalı soyqırımı (genosidi) günü
haqqında” xüsusi qərarda hadisənin baş vermə səbəbləri, günahkarlar
təfsilatı ilə açıqlanıb. Eyni zamanda Xocalı faciəsi ilə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni
qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə
çəkilib.
Ulu Öndər Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında»
26 mart 1998-ci il tarixli Fərmanı ilə qarşıya qoyulan vəzifələrin
icrasının, Prezident İlham Əliyev hücum diplomatiyasının, Heydər
Əliyev Fondunun “Xocalıya Ədalət” kampaniyasının, Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı
ilə keçirilən ümumxalq yürüşlərinin nəticəsi olaraq Xocalı
soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında
tanınıb və xatırlanıb. Belə ki, indiyədək 18 ölkənin (Bosniya və
Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya,
Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala,
Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan,
Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı
tərəfindən Xocalıda baş verənləri soyqırımı aktı kimi tanıyan
müvafiq parlament qətnamələri qəbul edilib. 2012-ci il noyabrın
20-də Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda
törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub.
Bütün bunlarla yanaşı, xarici ölkələrdə Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü və müəllifliyi ilə 2008-ci ildən start verilən
“Xocalıya Ədalət” kampaniyası hazırda bir çox ölkələrdə səmərəli
şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat
kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat,
sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və
digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə
olunan səmərəli vasitələri təşkil edir.
Xalqımız hər zaman inandı ki, işğal edilmiş bütün şəhər və
kəndlərimiz, o cümlədən Xocalı mütləq azad olunacaq. Vətən
müharibəsinin və antiterror tədbirlərinin nəticəsi olaraq Prezident
İlham Əliyev xalqımızın bu inamının həyata keçməsini qətiyyətlə
təmin etdi. 2023-cü il oktyabrın 15-də isə Müzəffər Ali Baş
Komandan Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət
Bayrağını ucaltdı.
Vətən müharibəsi və antiterror tədbirləri ərazi bütövlüyümüzün
bərpası ilə yanaşı, həm də xalqımızın qisas tarixi oldu. Çünki
hərbi-siyasi zəfərlərimizin nəticəsi olaraq Ermənistanın soyqırımı
cinayətlərinin qurbanı olan bütün vətəndaşlarımızın intiqamı da
alındı. Ermənilərin müxtəlif vaxtlarda, o cümlədən 34 il əvvəl
Xocalıda qətlə yetirdikləri soydaşlarımızın ruhları indi
rahatdır.
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş
meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam
uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı
qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş
meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın” –
Prezident İlham Əliyev bildirib.
2023-cü ilin antiterror tədbirlərindən sonra həm də Qarabağda
xalqımıza qarşı cinayətlərin, o cümlədən Xocalı soyqırımının
törədilməsində iştirak edən bir sıra müharibə caniləri də
saxlanılaraq ədalət mühakiməsinə çıxarıldılar. Bir il davam edən
məhkəmə prosesində onların hər biri layiqli cəzasını aldı. İnanırıq
ki, Xocalı soyqırımının törədilməsində birbaşa iştirakı olan
R.Koçaryan, S.Sarkisyan da saxlanılaraq ədalət mühakiməsi
qarşısında cavab verəcəklər.
Bir məsələni də qeyd etməliyik ki, Vətən müharibəsindəki qələbə,
Qarabağda erməni separatizminə son qoyulması və Xocalı
cəlladlarının ədalət mühakiməsinə çıxarılması həm də Əli Kərimli və
tərəfdarları başda olmaqla, antimilli ünsürlərə vurulan
mənəvi-psixoloji zərbə oldu. Məlum olduğu kimi siyasi mübarizə adı
altında xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə
yetirən bu satqın şəbəkə hər zaman belə bir fikri təlqin etməyə
çalışırdı ki, Azərbaycan dövləti torpaqlarını işğaldan azad edə
bilməz. 44 günlük vətən müharibəsindən sonra isə bu xəyanətkar
şəbəkə Azərbaycan hakimiyyətini Rusiya qoşunlarını ölkə ərazisində
yerləşdirməkdə ittiham etməyə başladı. Onu da riyakarcasına iddia
edirdilər ki, Azərbaycan hakimiyyəti Qarabağdakı qondarma rejimi
ləğv edə bilməz. Bu mənada antiterror tədbirlərində erməni
separatizminin darmadağın olunması, Xankəndi, Xocalı, Xocavənd və
Ağdərə şəhərlərində Azərbaycan bayrağının ucaldılması, 2024-cü ildə
isə Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi həm də
antimilli ünsürlərin məğlubiyyəti oldu.
Xocalı artıq Qarabağda Böyük Qayıdışın həyata keçirildiyi
şəhərlərdən biridir. Qısa müddətdə bərpa olunan şəhərə və Xocalı
rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara,
Seyidbəyli, Daşbulaq kəndlərinə 3 min 600 nəfərdən çox vətəndaşımız
geri dönüb. Xocalı şəhəri yenidən dirçəlir, rayonda həyat yenidən
qaynayır. Xocalıda başlanan yeni həyat həm də xalqımızın zəfərinin
və soyqırımı qurbanlarının döyüş meydanında alınan qisasının
təntənəsidir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı


