KİV: Kuba sahillərində atəş açan qayıq ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olmayıb

Baş səhifə

Kubanın ərazi sularına daxil olaraq atəş açan qayıq ABŞ Sahil Mühafizəsinə və ya Hərbi Dəniz Qüvvələrinə məxsus olmayıb.

APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, atəş açılan ərazidə ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir qayığı olmayıb.

Bildirilir ki, sözügedən gəmi mülki olub və ekipaj Kubadan qohumlarını çıxarmağı planlaşdırıb.

Hadisəyə Florida ştatının baş prokuroru Ceyms Utmayer reaksiya verib. Onun sözlərinə görə, insidentlə bağlı araşdırma başlanıb.

“Kuba hökumətinə etibar etmək olmaz və biz bu kommunistləri məsuliyyətə cəlb etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Utmayer bildirib.

Bundan əvvəl Kuba Daxili İşlər Nazirliyi ABŞ bayrağı altında üzən qayığın ölkənin ərazi sularına daxil olaraq atəş açdığını açıqlamışdı.

Qurumun məlumatına görə, atışma nəticəsində dörd amerikalı həlak olub, daha altı nəfər isə xəsarət alıb.