
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda
fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və
digər təşkilatlarda Xocalı soyqırımının 34-cü ildönümünə həsr
olunmuş müxtəlif tədbirlər keçirilib.
Trend xəbər
verir ki, yığıncaqlarda Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul
əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Tədbirlərdə 1992-ci il fevralın 26-da erməni vandalizmi
nəticəsində həlak olmuş 613 dinc sakinin, o cümlədən 106 qadının,
63 uşağın və 70 qocanın, eləcə də torpaqlarımızın azadlığı uğrunda
canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Məktəblərdə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii
kompozisiyalar və videoçarxlar nümayiş olunub, idman yarışları
təşkil edilib. Mədəniyyət müəssisələrində “Xocalı – yaddaşımızın
qan yarası” mövzusunda sərgilər yaradılıb, yığıncaqlar
keçirilib.
Qeyd olunub ki, bu gün biz yalnız xatirələri yad etmir, həm də
gələcək nəsillərə tarixi ədaləti, vətənpərvərliyi və birliyi
aşılayırıq. Xocalı – bizim qan yaddaşımız, milli qürurumuz və əbədi
həqiqətimizdir!


