ABŞ Prezidenti Donald Trump-ın Konqresə müraciətində səsləndirdiyi fikirlər müharibə riskinin artdığını göstərir.
Çıxışın fonunda hərbi hərəkətlilik fonunda Vaşinqtonun İrana qarşı mümkün zərbə ssenarisi daha real görünməyə başlayıb.
Trampın çıxışında üç əsas mesaj var: İranın daxili repressiyaları və regional təhlükə arqumenti – 32 min etirazçının öldürülməsi iddiası və Avropanı hədəf alan raket proqramı. O, siyasi ritorikasında kompromis yox, ultimatum tonuna üstünlük verir. Tramp nüvə silahı məsələsində açıq mövqe tələb edir və “Biz nüvə silahı istəmirik”, ifadəsinin Tehrandan eşidilməməsini nümunə çəkir.
ABŞ lideri “heç vaxt icazə verməyəcəyəm” bəyanatı verməklə İranın nüvə silahına sahib olmayacağını qeyd edir. Bu, diplomatik manevr üçün deyil, daha çox ictimai rəyi mümkün hərbi addıma hazırlamaq xarakteri daşıyır.
Digər yandan hərbi hazırlıq siqnalları da var. Aviasiya qüvvələrinin regionda yerləşdirilməsi, ABŞ-nin Avropa və Yaxın Şərq bazalarına 150-dən çox təyyarə göndərməsi, Böyük Britaniyadakı RAF Lakenheath bazasından 12 ədəd F-22 Raptor qırıcısının İsrail istiqamətinə uçuşu hərbi gücdən xəbər verir.
F-22-lər əsasən hava üstünlüyü və ilk dalğa zərbələri üçün istifadə olunur. Bu isə müdafiə yox, hücum ssenarisinə hazırlıq kimi qiymətləndirilə bilər.

ABŞ hərbi gəmilərinin üçdə birinin Yaxın Şərqdə cəmləşməsi də təhlükədən xəbər verir. Bu, həm İranın mümkün cavab zərbələrinin qarşısını almaq, həm də regionda genişmiqyaslı əməliyyat üçün platforma yaratmaq məqsədi daşıya bilər.
ABŞ və İran arasında Omanda aparılan danışıqların ikinci raundundan sonra da irəliləyiş olmaması onu göstərir ki, Vaşinqtonun tələbləri əvvəlki administrasiyalardan daha sərtdir, İranın zənginləşdirmə proqramının tam məhdudlaşdırılması və regional təsir mexanizmlərinin zəiflədilməsi tələb olunur və Tehran isə bu şərtləri suverenliyə müdaxilə kimi qəbul edir.
Beləliklə, diplomatik pəncərə daralır.
Mümkün ssenarilər arasında İranın nüvə obyektlərinə və raket infrastrukturuna “dəqiq və qısa müddətli” zərbə, İsrail ilə koordinasiyalı daha uzunmüddətli əməliyyat, psixoloji təzyiq və məcburetmə strategiyası mümkündür.
Mövcud ritorika və hərbi aktivlik göstərir ki, Vaşinqton İrana qarşı real hərbi seçim variantını masada saxlayır. Omandakı danışıqların nəticəsiz qalması və sərtləşən tələblər fonunda ABŞ-ın “zərbə qərarlılığı” görüntüsü güclənir.
Lakin bu mərhələdə qəti qərarın verildiyini söyləmək çətindir. ABŞ adətən belə hallarda əvvəlcə maksimal təzyiq, sonra son xəbərdarlıq, yalnız bundan sonra hərbi addım modelini tətbiq edir.
Modern Təhlil və Araşdırma Qrupu


